Allaha gözəl borc vermək

16 Oktyabr 2021 19:35

Allah Təala siddiqlərdən birinə vəhy edir ki, Mənim elə bəndələrim vardır ki, onları sevirəm. Onlar da Məni sevir. Siddiq bu bəndələrin nişanələrini soruşan zaman Allah buyurur: "Bu bəndələr gündüz kölgəni izləyərək gecə edər və o zaman ki, kölgə tamam olar və günəş batar, quşlar kimi yuvalarına gedərlər. Allahla raz və niyaz etdikləri yerlərinə tələsərlər".

Bu hədisdən görmək olur ki, qədimdə yaşayan insanlar da gecə ibadətinə xüsusi diqqət verir və onun fəzilətindən agah idilər.

Allah Quranda buyurur: "Ey libasına bürünmüş. Gecə - az bir hissəsi istisna olmaqla (namaz və ibadət üçün) ayağa qalx! Gecənin yarısına qədər, yaxud bir qədər ondan az (onun üçdə birini) azalt; Yaxud yarıya artır (onun üçdə ikisini), Qur'anı tərtil ilə (aram-aram, aydın və tərtiblə) oxu!". ("Muzzəmmil" 1-4).

"Elə isə (gecələr) Qur'andan (sizə) müyəssər olanı oxuyun, namaz qılın, zəkat verin və Allaha gözəl bir borc verin. Özünüz üçün öncədən göndərdiyiniz xeyir əməli Allah yanında daha gözəl və mükafat baxımından daha böyük tapacaqsınız. Allahdan bağışlanmaq diləyin, çünki, Allah çox bağışlayan və mehribandır". ("Muzzəmmil" 20).

Maraqlısı budur ki, buyurur ki, sən tək deyilsən ki, bu ibadəti edirsən. Sənə iman gətirmişlərin çoxları belə edirlər.

Sonra buyurur: "Onlar gecənin az bir hissəsini yatırdılar. Və səhərlər (Allahdan) bağışlanma diləyirdilər". ("Zariyat" 17-18).

Əlbəttə, gündüz qılınan vacib namazıların da fəziləti böyükdür, ancaq onlar gecə ibadəti yanında rəngsiz qalırlar.

Bəs niyə bu qədər gecə ibadəti yerinə yetirmək üçün tövsiyələr edilir? Gecə ibadətinin hansı xüsusiyyəti vardır ki?

Həzrət Peyğəmbər (s) sünnəti belə idi ki, gecə ibadəti üçün üç dəfə qalxardı. Bir dəfə qalxar və dörd rükət namaz qılardı. Sonra bir qədər istirahət edib, yenə dörd rükət namaz qılardı. Yenə istirahət edib və iki rükət şəf və bir rükət vitr namazını qılardı.

Həzrət Peyğəmbərin (s) bəzi səhabələri də belə edərdilər. İmam Sadiq (ə) buyurur: "Məgər hər aşiq sevmir ki, məşuqu ilə xəlvət etsin?".

İnsan həmişə istəyər ki, sevdiyi ilə xüsusi rabitə qursun və ona yaxın olsun. Onunla dərdləşsin, söhbət etsin, sevgisini bildirsin. İnsan istəyər ki, məşuqu da onu sevsin və bu sevgi rabitəsinin güclənməsi üçün bütün diqqəti məhbubunda olar və məhbubunun da diqqəti onda olar.

Adətən insan dostu ilə danışan zaman istəyər ki, dostu ona diqqət etsin və əgər o, üz çevirir və başqası ilə danışarsa, narahat olar. Səbəbi budur ki, insan dostu ilə təkbətək ünsiyyət saxlamaq istəyər. Çünki təkbətək ünsiyyətdə başqası olmaz ki, onlara mane olsun və heç kəs dostunun diqqətini özünə cəlb edə bilməz.

Allahın minyonlarla bəndəsi vardır, ancaq hər bir bəndəsi üçün zaman ayırıb, onlara sevgisini bildirə bilir və insanlara bənzəmir. Bu zaman bəndəsi ilə elə rəftar edir ki, sanki ondan başqa sevimli bəndəsi yoxdur.

O zaman ki, biz Həzrət Məsumənin (s.ə) hərəminə gedirik, görürük ki, hər kəs öz dilində və hacəti ilə Allahı çağırır. İnsan bəzən elə düşünür ki, bu səs-küydə Xanım (s.ə) səsini eşitmir. Ancaq bu, belə deyildir. Hər bir İlahi Övliya insanları tanıyır və hacətlərini bilir və bilir ki, hansı hacətini Allahdan istəsə, onun üçün daha yaxşı olar. Xanim Məsumə (s.ə) nə peyğəmbərdir və nə də İmam, ancaq bu qədər böyük kəramətə malikdir. Məsum İmamların (ə) hesabı başqadır və əgər bütün dünya bir anda İmam Zaman ağanı (ə.f) çağırsa, Həzrət (ə.f) hamısının səsini eşidər.

Ancaq bu, o demək deyildir ki, hər kim gecə ibadət etmir, Allahı sevmir. Ən azı dostluq haqqını əda etmir. Başqa məşğuliyyətlər qəlbini bürümüşdür və sevigisi o qədər deyildir ki, ona qələbə çala bilsin.

Ona görə də yaxşı olar ki, bəndə öz sevgisini gecənin müəyyən bir hissəsində ibadəti ilə Allahına bəyan etsin və Həzrət Haqqın da diqqətini cəlb etməyi bacarsın. Bu məsələyə laqeyd qalmaq cəfa olardı və insan gərək sevgi vadisindən bəhrələnsin və bilsin ki, Allahın bütün nemətləri yeyəcək və içəcəklərlə kifayətlənmir.

Milli.Az