P vitamini damarları möhkəmləndirir

16 Oktyabr 2021 19:45

P vitamini insan orqanimi üçün çox vacibdir. Bu vitamin insan orqanizmində sintez olunmur və toplanmır və bu səbəbdən P vitamini daim orqanizmə daxil olmalıdır.

İlk növbədə P vitamini insanın damarlarına çox müsbət təsir edir - onları daha möhkəm, elastik edir, damarların və kapilyarların keçiriciliyini azaldır. Bu isə varikoz xəstəliyi, ateroskleroz və s. xəstəliklərin profilaktikasıdır.

P vitamini arterial təzyiqinin və ürək ritminin normallaşmasına kömək edir. P vitamini həmçinin göz təzyiqini azaldır.

P vitamini ödün əmələ gəlməsində iştirak edir, bəzi hormonların istehsalına təsir edir, ödemləri azaldır.

P vitamini orqanizmin allergenlərə olan davamlılığını artırır, allergik xəstəliklərin (xüsusilə bronxial astmanın) gedişatını yüngülləşdirir.

P vitamini təsdiq edilmiş antioksidantdır. Bu maddələr orqanizmin hüceyrələrini sərbəst radikalların məhvedici təsirindən qoruyur, qocalma prosesləri ləngidir, immun sisteminə müsbət təsir edir, onkoloji xəstəliklərin inkişafına mane olur.

P vitamini həmçinin mədənin selikli qişasının bərpasını sürətləndirir və bu səbəbdən mədə və 12 barmaq bağırsağı xorası xəstəliyi zamanı çox faydalıdır.

P vitamini əsasən çiy meyvə, giləmeyvə və tərəvəzlərdə olur - sitrus meyvələri (qabıqda), albalı, qavalı, alma, ərik, qara qarağat, moruq, üzüm, qırmızı bolqar bibəri, pomidor, çuğundur, kələm, kahı, turçəng, sarımsaq. Həmçinin P vitamini yaşıl çayda və qarabaşaqda var.

P vitaminin miqdarına görə qara qarağat çempion sayılır.

P və C vitaminlərin orqanizmdə olan təsiri oxşardır. Bu iki vitamin bir birinin təsirini gücləndirir. Bu səbəbdən həkimlər onları birlikdə qəbul etməyə tövsiyə edirlər. Askorutin kimi tanınmış preparatın tərkibinə məhz askorbin turşusu (C vitamini) və rutin (P vitamini) daxildir. Bu preparat varikoz xəstəliyi və bu xəstəliyin profilaktikası zamanı, hipertoniya, bəzi infeksion xəstəlikləri, uşaqlarda tez-tez təkrarlanan burun qanaxmaları, kuperoz (üzdə kapilyarlar toru) və s. xəstəliklər zamanı geniş istifadə olunur.

P vitaminin çatışmazlığı özünü bu kimi əlamətlərlə büruzə verir: kapilyarlar kövrək olur, dərialtı qansızmalar, xırda göyərmələr əmələ gəlir, insan ayaqlarında ağrılar, halsızlıq, zəiflik hiss edir, tez yorulur, iş qabiliyyəti azalır.

P vitaminin çatışmazlığı xüsusilə qış və yaz aylarında müşahidə oluna bilər. Bu halda insan daha tez-tez təzə meyvə, tərəvəz, göyərti, yaşıl çay qəbul etməlidir. Lazım olduqda həkim vitamin-mineral kompleksi təyin edə bilər.

Milli.Az