Zarafatla yalan danışmaq olarmı?

14 Oktyabr 2021 23:20

İnsan günah haqqında hər nə qədər çox məlumata malik olarsa, ondan xilas olmaq ehtimalları da artar. Əgər yalanın bəlalarını tanısaq, ondan xilas olmaq üçün daha çox səy göstərərik. Bu bəlalar hansılardır?

1. İmandan uzaq olmaq. Allah Quranda buyurur: "Yalnız Allahın ayələrinə iman gətirməyənlər yalan uydurarlar və yalançı onlardır!". ("Nəhl" 105).

İmam Əli (ə) buyurur: "Yalandan uzaq olun ki, imanla fasiləsi vardır. Yalançı, xarlıq və həlakət uçurumunun ağzında dayanmışdır".

2. Etimadsızlığın meydana gəlməsi. Yalanın gətirdiyi bəlalardan biri - cəmiyyətdə etimadsızlığın artmasıdır. İmam Əli (ə) buyurur: "Allah doğrunu qorumaq üçün yalanı tərk etməyi lazım etmişdir".

3. Nəfsə mənfi təsir qoyar. Yalanın böyüyü və kiçiyi olmaz. Onların hər biri insan nəfsinə mənfi təsirlərini qoyarlar. İmam Baqir (ə) buyurur: "Yalandan çəkin - istər kiçik olsun, istərsə də böyük, ciddi olsun, yoxsa zarafatla".

4. Abırın aradan getməsi. İmam Sadiq (ə) buyurur: "Hər kim çoxlu yalan deyərsə, abırı aradan gedər". Bəzən insan bir yalan sayəsində insanların gözündən elə düşür ki, ömrünün axırına qədər bu halı cubran edə bilmir. Bu cür insan doğru danışsa da, insanlar ona inanmazlar. (Həvzəh)

Allah Təala cəmi iman əhlini bu rəzil sifətdən uzaq etsin!

Milli.Az