Körpənin ani ölümü sindromu

14 Oktyabr 2021 23:15

Körpənin ani ölümü sindromu nadir, lakin çox faciəli fenomendir - tam sağlam uşaq səbəbsiz olaraq qəfildən yuxuda ölür.

Bu sindroma yalnız 1 yaşına kimi olan körpələndə rast gəlinir. Ən böyük risk 2 ayından 6 ayına kimi olan körpələrdə qeyd edilir. Oğlanlarda qızlarla müqayisədə ani ölüm sindromuna daha tez-tez rast gəlinir.

Ani ölümü sindromu diaqnozu o zaman qoyula bilər ki, araşdırmalar nəticəsində məlum olub ki, körpənin ölümündə heç bir səbəb aşkar olunmayıb.

Bu günümüzə kimi bu sindromun səbəbləri tibbdə dəqiq aşkar olunmayıb. Məlumdur ki:

- Körpənin ani ölüm sindromunu qabaqcadan bilmək və onun qarşısını almaq mümükün deyil. Əgər uşaq bu sindromdan həlak olubsa, bunda heç kimin günahı yoxdur.

- Sindromun peyvəndlərlə əlaqəsi yoxdur.

- Sindromun uşağa olan pis baxımla əlaqəsi yoxdur.

- Sindrom irsən keçmir.

Yuxarıda qeyd etdiyimiz kimi, sindromun dəqiq səbəbləri məlum deyil. Lakin bəzi faktorlar bu sindromun inkişafının riskini artıra bilər:

- Uşağı yatanda qarın üstə qoymaq. Bu halda körpə yatanda başını yastığa basır və nəticədə boğulub ölə bilər. Xüsusilə bu yumşaq yastıqda yatan və bel üstə çevrilə bilməyən körpələrə aiddir.

- Həddən artıq isti otaqda yatan və çox isti bürünən uşaqda ani ölüm sindromunun riski artmış olur. Körpə uşaqlarda termorequlyasiya prosesi (istiliyin tənzimi) tam formalaşmamış olur. Bu səbəbdən uşağın bədəni çox qızdıqda uşaq artıq istiliyi ətraf mühitə verə bilmir və bunun nəticəsində uşaqda nəfəsalma dayana bilər.

Ani ölüm sindromunun heç bir xüsusi profilaktik tədbirləri mövcud deyil, lakin, həkimlərin fikirinə görə, bəzi tədbirlər bu sindromun riskini azalda bilər:

- Uşağı yatanda qarın üstə deyil, bel üstə qoyun (azca böyürə çevrilmiş vəziyyətdə). Bel üstə düz uzanan uşaq qusarsa, süd onun nəfəs borusuna düşə bilər və uşaq boğula bilər. Bu səbəbdən yedizdirdikdən sonra uşağı 15-20 dəqiqə ərzində şaquli vəziyyətdə saxlayın ki, körpə gəyirsin.

Qarın üstə uşağı yalnız yatmayan vaxtı və böyüklər yanında olduqda qoymaq olar.

- Ana südü ilə qidalandırılan uşaqda bu sindromun riski daha azdır.

- Uşaq düz və bərk səthdə yatmalıdır. Ortopedik döşək ən yaxşı seçimdir. Döşəyin üzərinə 4 qatlanmış ədyal qoyun. Bu kifayətdir. Yun döşəklərdən, yumşaq yastıqlardan qəti şəkildə istifadə olunmamalıdır. 1 yaşına kimi olan uşağa yastıq lazım deyil.

- Uşağı lazım olandan artıq geyindirməyin və bükməyin.

- Uşağın üstünü qalın ədyalla örtməyin.

-Uşaq olan otağın havasını tez-tez dəyişin.

- Körpə uşaq olan evdə siqaret çəkmək olmaz.

Milli.Az