Ermənilər Qarabağda "sərhəd" yaratmaq istəyirlər

11 Oktyabr 2021 12:37

Qarabağda, Rusiyanın sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi ərazidə, Ağdərədə ermənilərin qanunsuz silahlı birləşmələri təmas xəttində "sərhəd müəyyənləşdirilməsi" ilə məşğuldur.

Milli.Az bildirir ki, ermənilər mexanikləşdirilmiş texnikanın vasitəsilə təmas xətti boyunca torpaq zolağını şumlayır, bu minvalla "nəzarət-iz zolağı" yaratmağa çalışırlar.

Bu əməllər Azərbaycanın ərazi bütövlüyünə və sərhəd toxunulmazlığına qarşı yönəlmiş kobud, aşkar təxribatdır, çünki Ağdərə inzibati vahid olaraq Tərtər rayonunun ərazisidir.

Azərbaycanın Silahlı Qüvvələri və Dövlət Sərhəd Xidməti separatçıların qanunsuz əməllərinin qarşısını almaq üçün sərt tədbirlərə əl atmaq hüququnu özündə saxlayır.

Ermənilər Ağdərədə "kənd təsərrüfatı işləri ilə, torpağın şumlanması ilə" məşğul olduqlarını iddia edirlər.

Lakin dağlıq və dağətəyi ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqlar oktyabrda yox, martda şumlanır.

Rusiyalı sülhməramlıları da ermənilərin qanunsuz silahlı birləşmələrinin idiotik və təhlükəli prosedurlarını seyr etmək əvəzinə, onlara imkan verməməlidir.

Sülhməramlı kontingentin fəaliyyətinin preambulasında duran məsələlərdən biri məhz Qarabağdakı ermənilərin qanunsuz silahlı birləşmələrinin tərksilah olunmasıdır.

Orxan Hun
Milli.Az