Şanlı Vətənin qəhrəman əsgəri - VİDEO

11 Oktyabr 2021 14:40

Qubadlıda şəhid olan 22 yaşlı Məhəmməd Məmmədovun döyüş yolu

Milli.Az Real TV-yə istinadən bildirir ki, 44 günlük müharibədə zəfərimizə imza atan, torpaqlarımızın 30 illik işğaldan qurtarılması uğrunda canını fəda edən qəhrəman oğullarımızdan biri də Məhəmməd Məmmədovdur.

Doğmaları deyir Məhəmməd hər zaman ailədə fədakarlığı, zəhmətsevərliyi ilə seçilib. Elə Vətənin dar günündə də o fədakarlığını əsirgəmədi, öz maraqlarını unudub könüllü olaraq cəbhəyə yollandı.

Məhəmməd 13 noyabr 1998-ci ildə Ağcabədi şəhərində anadan olub. hərbi xidmətini Naxçıvanda başa vuraraq ehtiyata buraxılan Məhəmməd ürəyində əzizləri ilə yanaşı, daim Vətən, Torpaq sevgisini də yaşadıb. Elə ona görə də Qarabağ uğrunda düşmənə əkshücum əməliyyatları başlayan gündən paytaxtda çalışdığı işdən çıxıb dərhal ordu sıralarına üz tutub.

Məhəmməd Məmmədov Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarının düşməndən təmizlənməsində fəal iştirak edib. Qubadlı istiqamətində aparılan ağır döyüş əməliyyatı zamanı şəhid olan Məhəmmədin arzusu Şuşanı da azad görmək idi.

Məhəmməd kimi Azərbaycan oğulları qanları ilə tarix yazaraq hər bir soydaşının qəhrəmanına çevrildi və bu qəhrəmanlıq tarixi Azərbaycanla birgə əbədi olaraq yaşayacaq, unudulmayacaq.

Qeyd edək ki, 22 yaşında vətən torpaqlarının azadlığı uğrunda rəşadətlə vuruşaraq şəhadətə ucalan Məhəmməd Məmmədov Prezident İlham Əliyevin sərəncamına əsasən "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif olunub.

Milli.Az