Lirə kəskin ucuzlaşdı

11 Oktyabr 2021 11:10

Oktyabrın 11-də Türkiyə lirəsinin Azərbaycan manatına qarşı rəsmi məzənnəsi 0,9% azalaraq 0,1897 manat təşkil edib ki, bu da yeni tarixi minimum sayılır. Bundan əvvəl tarixi minimum cari ilin sentyabrın 30-da qeydə alınmışdı.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankının göstəriciləri əsasında apardığı hesablamalarına görə, 2006-cı ildə Azərbaycanda baş verən denominasiyasından sonra lirə ilk dəfədir sözügedən səviyyəyə enib. Təkcə son bir ayda lirə manata nisbətdə 5,7% dəyər itirib.

Qeyd edək ki, indiyədək (denominasiyadan sonra - red.) lirənin manata qarşı ən yüksək dəyəri 2008-ci ilin yanvarın 15-də qeydə alınıb - 0,7363 manat. Son 10 ildə isə lirənin manata qarşı məzənnəsinin pik həddi 2011-ci ilin mayın 19-da qeydə alınıb - 0,5026 manat.

Xatırladaq ki, Türkiyə lirəsinin rekord səviyyələrə enməsi Türkiyə Mərkəzi Bankının uçot dərəcəsini gözlənilmədən (illik inflyasiyanın avqustda yüksək səviyyədə (19,25%) olmasına baxmayaraq) 19%-dən 18%-ə azaltdıqdan sonra baş verdi. Sentyabrın 24-dən sonra lirənin ABŞ dollarına qarşı məzənnəsi də tarixi minimumları yeniləməyə başladı. Türkiyə Mərkəzi Bankının məlumatına görə, hazırda 1 dolların satış qiyməti 8,9142 lirəyə bərabərdir.

Azərbaycan Mərkəzi Bankının rəsmi məzənnəsinə görə, hazırda 1 manat 5,2715 lirəyə bərabərdir.

Milli.Az