Şuşaya qədər döyüş yolu keçmiş şəhid - FOTO

11 Oktyabr 2021 22:20

İkinci Qarabağ müharibəsində canlarını Vətən uğrunda fəda edən qəhrəmanlarımızdan biri də Şuşa uğrunda döyüşlərdə 25 yaşında şəhadətə ucalan Elçin İbrahimovdur.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Ağstafa şəhər sakini Elçin İbrahimovun arzusu hərbçi olmaq idi. Hərbi xidmətdən qayıtdıqdan sonra da bu barədə düşünürdü. Vətən müharibəsi başlayanda Elçin evin tək oğlu olmasına baxmayaraq, döyüşlərə qatılmaqdan bir an belə tərəddüd etmədi. Əksinə, işğal altındakı torpaqlarımızın azad edilməsi uğrunda başlayan haqq savaşına qatılmağa can atdı və qatıldı da... Sanki bu anı çoxdan gözləyirdi. Valideynlərinə döyüşlərə könüllü yollanacağını dedikdə onlar da etiraz etmədilər. "Evə gəlib dedi ki, sinif yoldaşlarımın hamısı müharibəyə gedib. Təkcə mən qalmışam. Dedim getmək istəyirsənsə get, mən nə deyə bilərəm. Döyüşlərə özü könüllü yollandı. O gedəndən sonra da tez-tez telefonla danışırdıq. Müharibənin 44 gününün 43 günü bizimlə danışdı... Sonuncu dəfə zəng etdi ki, birdə siz zəng etməyin. Burada dalğa yoxdur, özüm zəng vurmamış mənə zəng etməyin", - deyə şəhidin atası Rövşən İbrahimov bildirib.

Onun sözlərinə görə, Elçin olduqca mülayim xasiyyətli, dostcanlı biri olub. Dostları, qohumları onu vətənpərvər, qoçaq bir gənc kimi tanıyırdı. Qohumu, 44 günlük müharibənin qazisi Raqif Məmmədov müharibə vaxtı onunla Gəncədə görüşüb. Orada birgə foto da çəkdirirlər. Tale onların yollarını döyüşdə müxtəlif cəbhələrə ayırır, 44 günlük müharibənin sonunda qohumu Elçini Şuşada axtarır. Elçin isə Şuşa uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olmuşdu. Dostu Şuşada Elçinin cansız bədənini tapır.

Elçin İbrahimov ölümündən sonra "Şuşanın azad olunmasına görə", "Cəsur döyüşçü", "Vətən uğrunda" medalları ilə təltif olunub. Yaşadığı küçədə onun xatirəsinə bulaq kompleksi inşa edilib.

Milli.Az