Ana südü ilə qidalanan körpənin əlavə qida və maye qəbulu

12 Oktyabr 2021 07:11

Körpənin birinci yaşına qədər həyatındakı əsas hadisələrdən biri əlavə bərk qidaya başlamasıdır.

Bu ərəfədə "körpəyə ana südü çatmır, ana südü azaldı, körpənin əlavə qidaya ehtiyacı var" kimi səhv fikirlər çox geniş yayılmışdır. Buna görə də körpənin çəkisini artırmaq məqsədilə əmizdirmək əvəzinə əlavə qidaya başlanır. 0-1 yaş müddətində ana südü körpənin vitamin, mineral, zülal, yağ, su və s. ehtiyacını qarşılayan tək mənbədir. 4-6 aylarında körpənin çəki artımının yavaşlamasının təbii olduğunu və əlavə qidalara başlamaq üçün səbəb olmadığını bilmək lazımdır.

Bu müddətdə əsas olan körpəyə əlavə qida verilməsi deyil, onun hər istədiyində ana südü ilə qidalandırılmasıdır. Vaxtından əvvəl əlavə qidaya başlamaq, xüsusilə də ana südü əvəzinə verildiyində, körpənin qidalanma keyfiyyətini azaldır.

Körpənin yalnız ana südü ilə qidalandırıldığında 6-cı aya qədər su, çay, kompot və meyvə şirələrinə ehtiyacı yoxdur. Ana südü körpənin maye ehtiyacını qarşılayır. Əlavə qidaya başlayanda körpəyə fincanla su içirtmək tövsiyyə edilir. Meyvə şirələrini körpəyə vermək lazım deyil, çünki, bunların qida yönündən faydası yoxdur. Körpənin çoxlu miqdarda maye qəbulu onun az çəki almasına səbəb ola bilər.

Əlavə qidalara başlayanda, hər qida qəbulunda əvvəlcə ana südü, sonra əlavə yemək vermək lazımdır. Bu qidalanma tərzinin körpənin bir yaşına qədər tətbiq edilməsi tövsiyyə edilir.

Beləliklə körpə böyüməsi və inkişafı üçün bütün lazımi maddələri ana südündən alar və yeni əlavə qidalar dadmış olar.
Əlavə qidaya başlama vaxtı hər uşaq üçün eyni deyildir. Verdiyiniz əlavə qidanı uşaq rədd edirsə bir-iki həftə gözləyib uşağınıza başqa bir qida verməyiniz tövsiyyə edilir. 6-cı ayından sonra körpəyə püre formasında qidalar verməyə ehtiyac yoxdur. Bu vaxt uşaqlar dişləməsi asan olan yeməklər xoşlayırlar.
Yaddan çıxarmaq lazım deyil ki, körpənin bir yaşına qədər vitamin, mineral, yağ, zülal və s. mənbəyi ana südüdür.

Müəllif: Natalya Arslantürk
Mənbə: www.lllturkiye.org
Tərcümə edən: Səringül Əliyeva

Milli.Az