Professor: COVID-19-u müalicə etmək məqsədilə antiviral və antibakterial dərmanları təyinatsız qəbul etmək olmaz

10 Oktyabr 2021 19:16

Böyüklərə xas olan əksər fizioloji, neyrohumoral, immun və reseptor mexanizmlər yalnız ikinci uşaqlıq yaş dövrünün sonunda, yəni qızlarda 11 yaşdan, oğlanlarda isə 12 yaşdan sonra tam formalaşır. Yeni növ koronavirus (COVID-19) infeksiyasının müvafiq reseptorları həmin yaş qruplarında ümumiyyətlə supresiya vəziyyətində olur. Ona görə də bəzi istisnalar nəzərə alınmazsa, həmin yaş qrupuna qədər olan uşaqların koronavirus infeksiyasını ağırkeçirmə ehtimalı yoxdur. On iki yaşa qədər olan uşaqların bağça və ya məktəbə getməsinə görə heç bir narahatlıq və qorxu hissi keçirmək lazım deyil. Uşaqların əlinə 95 faizli spirt vurmaq, onlara tibbi maska taxmaq düzgün yanaşma deyil. Sadəcə olaraq, uşaqlara adi gigiyenik vərdişlərə əməl etməyi aşılamaq lazımdır. Ən əsası isə, kiminsə uşağı öpməsinə icazə vermək olmaz.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu fikirləri tibb elmləri doktoru, professor Musa Qəniyev deyib.

Professor bildirib ki, gənclik dövrünün tamamlanmasına qədər, yəni 11-12 yaşdan başlayaraq 19 yaşa qədər olan dövrdə COVID 19-un letallıq (öldürücülük) əmsalı 0,2- 0,6 faizdir: "Yəni, hər min nəfər xəstələnməyə 2-6 nəfər ölüm halı düşür. Həmin yaş qrupunda olan gənclərdə bir qayda olaraq, irsi-genetik və ya ciddi ağır və müalicəyə dözümlülük göstərən xəstəliklərə görə ölüm halı baş verir. Başqa sözlə desək, bu yaş qrupunda tamamilə sağlam olan yeniyetmə və gənclərdə letallıq faizi sıfrın üstündədir. Sadəcə, adi gigiyenik vərdişlərə əməl etmək lazımdır. Adi gigiyenik vərdişlər dedikdə isə mən nə maska taxmaq, nə də əllərin spirtlənməsini nəzərdə tuturam. Nəfəs-nəfəsə dayanmamaq və gənclər arasında stereotip halını almış ünsiyyət forması olan öpüşməyin aradan qaldırılması adi gigiyenik normalardır".

M.Qəniyev qeyd edib ki, COVID-19-un orta inkubasiya dövrü 2-14 gündür: "Lakin 90 faizdən yuxarı hallarda, bu müddət cəmi 5,2 gün təşkil edir. Kütləvi insan kontaktının sentyabrın 29-dan, yəni ali təhsil müəssisələrində dərslərin başladığı gündən olduğunu nəzərə alsaq, COVID-19-un iddia olunan alovlanması bir neçə gün əvvəl, yəni oktyabrın üçündən etibarən baş verməli idi. Koronavirusun məlum inkubasiya dövrünü nəzərə alsaq, növbəti günlərdə yoluxma sayının arta biləcəyinin nə praktik, nə də heç bir elmi əsası yoxdur".

Professorun dediyinə görə, oktyabr-noyabr aylarında fəsli viral infeksiyaların artması təbii qanunauyğunluqdur: "Bu il aşağı faiz nisbətində olsa belə, bu halın təkrarlanacağı qaçılmazdır. Ona görə də növbəti iki ayda hər boğaz ağrısını, temperaturun yüksəlməsini, baş, oynaq, əzələ və qarın ağrısını COVID-19 hesab edib stres, gərginlik və ruhi sarsıntıya düşməyin. Belə olan halda, təyinatsız antiviral, hormonal və antibakterial dərman preparatları qəbul etmək olmaz".

Milli.Az