“Taliban” toylarda canlı musiqiyə qadağa qoydu

7 Oktyabr 2021 19:12

Əfqanıstanda keçirilən toylarda bundan sonra canlı musiqi olmayacaq. Bu qadağa "Taliban" hərəkatı tərəfindən qoyulub. Müvafiq qərar nazirliyin xüsusi iclasında qəbul olunub.

Afghanistan International telekanalının yaydığı məlumata görə, taliblər bayram yeməyindən əvvəl nigah mərasiminin keçirilməsini də qadağan ediblər və eyni zamanda qadın və kişilərin ayrı otaqlarda olmalarını əmr ediblər.

Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, Əfqanıstanda toy mərasimi həyatın əsas hadisələrindən sayıldığı üçün bu şənlik burada, adətən, üç gün davam edir və mərasimdə bir neçə yüzə qədər qonaq iştirak edirdi, ənənəvi olaraq zəngin süfrələr açılır və bahalı hədiyyələr hazırlanır; varlı ailələrdə hədiyyələr hətta torpaq sahələri, avtomobillər və evlər ola bilər.

1996-2001-ci illərdə Əfqanıstanda hakimiyyətdə olarkən, "Taliban" əfqanların həyat tərzi və ailə həyatı ilə bağlı sərt qaydalar tətbiq etmişdi: televiziya ləğv edildi, müasir musiqiyə, vizual sənətə, foto və video çəkilişlərə qadağa qoyuldu, audio və video yazıcıları müsadirə edilib məhv edilmişdi. Bundan başqa, toy mərasimlərində mahnı oxumaq və rəqs etmək qadağan edildi, bu da bir çox yerli musiqiçi və rəqqasəni qonşu ölkələrə qaçmağa məcbur etmişdi.  

Milli.Az