Ana ağlama, mənim kimi igidlər qaytaracaq o torpaqları... - "Kobra" ləqəbli şəhid - VİDEO - FOTO

10 Oktyabr 2021 19:07

Vətən müharibəsində qazanılan Zəfərimizdə, azad edilən torpaqlarımızın hər qarışında neçə-neçə şəhidimizin qanı, fərqli qəhrəmanlıq salnaməsi var. Belə cəngavər oğullardan biri də xüsusi təyinatlı qüvvələrin çavuşu, "Kobra" ləqəbli şəhid Elvin Tərlan oğlu Məmmədovdur.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Elvin Məmmədov Biləsuvarın Xırmandalı kəndində böyüyüb boya-başa çatıb. Vətənə sonsuz sevgisi, cəsarəti, qorxmazlığı ilə seçilən Elvin Vətən müharibəsi başlayanda döyüşlərə böyük sevinclə qatılıb.

Şəhidin anası Südayə Məmmədova deyir ki, oğlunun ən böyük arzusu torpaqlarımızı azad etmək idi: "Həmişə deyərdi ki, torpaqlarımızı azad edəcəyik. Ya şəhid olaram, ya da qazi. Balam arzusuna çatdı. Həmişə televizora baxıb şəhid xəbəri görəndə ağlayardım, o isə gözümün yaşını silərdi. Deyirdi ki, ana ağlama. Mənim kimi igidlər alacaq o torpaqları. Qürur duyuram ki, mənim oğlum qəhrəmandır".

Şəhidin məzarını ziyarətə gələn silahdaşları Milli Qəhrəman Mübariz İbrahimovu özünə kumir seçən Elvinin qəhrəmanlığından ağız dolusu danışırlar. Çevikliyinə görə ona "Kobra" deyirdilər. Elvin Füzuli istiqamətində düşmən cəbhəsini yararaq bir sıra yüksəkliklərin və 6 kəndin azad olunmasında, eləcə də Cəbrayıl uğrunda gedən döyüşlərdə əsl qəhrəmanlıq göstərib.

"Elvin həm dostum, həm də döyüş yoldaşım idi. Biz oktyabrın 2-də gecə hücuma keçəndə düşmənin mərmisinə tuş gəldik. Dörd dəfə atəş açıldı. İlk mərmidə ikimiz də yaralandıq. Döyüşü yenə də davam etdirdik. Sonra Elvini səslədim. Ondan səs çıxmadı. Həmin an bildim ki, o, şəhadətə ucalıb. Onun arzusu idi ki, torpaqlarımız azad olunsun", - deyə şəhidin döyüş yoldaşı Çingiz Qədimov bildirib.

Digər döyüş yoldaşı Fərid Bağırlı vurğulayıb ki, Elvin əzmkarlıqla döyüşərək şəhidlik zirvəsinə ucaldı. Silahdaşları onunla qürur duyurlar.

Elvin ailəli idi. Ondan yadigar qalan bircə qız övladı indi atasını şeirlərdə vəsf edir, "şəhid atamın şərəf dolu qısa həyatını canımda, qanımda yaşadacağam", - deyir.

Şəhid Elvin Məmmədov ölümündən sonra "Vətən uğrunda", eləcə də "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.

Milli.Az