Azərbaycan və İranın daxili işlər nazirləri görüşdü

3 May 2010 17:40
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Milli.Az xəbər portalına verilən məlumata görə, Ramil Usubov görüş zamanı xalqlarımız arasında çoxəsrlik əlaqələrin mövcudluğunu xatırladıb. O, ölkəmizin öz tarixi müstəqilliyini yenidən bərpa etdikdən sonra təməli 1993-cü ildə ümummilli liderimiz Heydər Əliyevin İran İslam Respublikasına səfəri zamanı qoyulmuş möhkəm dostluq və qonşuluq münasibətlərinin iki dövlətin prezidentləri tərəfindən daha da genişlənməkdə olduğunu bildirib. Qeyd edilib ki, ölkələrimiz arasında baş verən inteqrasiya proseslərinin nəticələri bütün sahələrdə - iqtisadiyyatda, təhsildə, mədəniyyətdə və digər sahələrdə özünü büruzə verməkdədir. Belə bir şəraitdə hüquq-mühafizə orqanlarının, xüsusilə də ictimai təhlükəsizliyi təmin edən daxili işlər orqanlarının öhdəsinə böyük məsuliyyət düşür.

General-polkovnik Ramil Usubov belə görüşlərin transmilli mütəşəkkil cinayətkarlıq və beynəlxalq terrorizmlə mübarizədə səylərimizin birləşdirilməsi üçün pozitiv imkanlar yaratdığını qeyd edərək ümidvar olduğunu bildirib ki, bu səfər ölkələrimiz arasında getdikcə möhkəmlənən əməkdaşlıq əlaqələrinin və inteqrasiya proseslərinin bundan sonra daha da genişlənməsinə xidmət edəcək.
 
Nazir iki ölkənin Daxili İşlər nazirlikləri arasındakı əməkdaşlığı tənzimləyən müqavilələrin də mühüm əhəmiyyət kəsb etdiyini və bu sənədlərin gələcək əlaqələrimizin daha da genişlənməsinə və möhkəmlənməsinə şərait yaratdığını xatırladıb.
 
Qonaqlara Azərbaycandakı mövcud ictimai-siyasi və kriminogen vəziyyət haqqında qısa məlumat verilib. Respublikamızda dövlət müstəqilliyinin, demokratik prinsiplərin möhkəmləndirilməsi, bazar münasibətlərinin inkişafı, genişmiqyaslı iqtisadi islahatların həyata keçirilməsi, ictimai münasibətlərin hüquqi tənzimlənməsi mexanizminin təkmilləşdirilməsi sahəsində görülən işlər qeyd olunub və vurğulanıb ki, hüquq-mühafizə orqanları sıx, qarşılıqlı əlaqədə mütəşəkkil cinayətkarlığa, beynəlxalq terrorizmə, ekstremizmə, separatizmə, silahların və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı kompleks tədbirlər həyata keçirirlər.
 
Ramil Usubov nazirliklər arasında əməkdaşlığın potensial imkanlarını yüksək qiymətləndirərək əmin olduğunu bildirib ki, qarşılıqlı faydalı əlaqələr ölkələrimizin və xalqlarımızın mənafelərinə, beynəlxalq təhlükəsizliyin təmini işinə xidmət edəcək.
 
İran İslam Respublikasının daxili işlər naziri cənab Mustafa Məhəmməd Nəccar səmimi qəbula və ətraflı məlumata görə cənab Ramil Usubova təşəkkürlərini çatdırıb və qeyd edib ki, belə səfərlər, görüşlər və imzalanmış sazişlərin müddəalarının yerinə yetirilməsi eyni dinə, oxşar mədəniyyətə və tarixi köklərə malik hər iki qardaş və dost ölkənin mənafelərinə tam uyğundur və bütün sahələrdə, o cümlədən təhlükəsizlik, hərbi, iqtisadi münasibətlər və digər məsələlərdə əlaqələrin daha da inkişaf etdirilməsinə kömək göstərir.

Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə edilib, görüş protokolu imzalanıb.                                       

Milli.Az