iPhone 13 Pro-nun maya dəyəri məlum olub

7 Oktyabr 2021 23:40

TechInsights şirkətinin mütəxəssisləri iPhone 13 Pro modelinin daxili komponentlərini analiz edərək onun istehsalının Apple şirkətinə hansı qiymətə başa gəldiyini təyin ediblər. Bundan əlavə olaraq mütəxəssislər smartfonun texniki göstəriciləri barəsində maraqlı məlumatları da təqdim ediblər. Beləliklə mütəxəssislərin hesablamalarına əsasən iPhone 13 Pro-nun bütün komponentləri ilə materiallarının ümumi qiymətləri 570$ təşkil edir. Bu isə keçən ilki iPhone 12 Pro modelinin komponentlərinin ümumi qiymətlərindən 22$ bahadır. Bu öz növbəsində yeni iPhone 13 Pro-da daha bahalı prosessordan, ekrandan və daxili yaddaş həcmindən istifadə ilə əlaqələndirilir.

Bundan əlavə olaraq bir sıra dəyişikliklərə məruz qalmış smartfon gövdəsinin qiyməti də yüksəlib. 256 GB yaddaşa sahib iPhone 13 Pro modeli ABŞ-da 1099$-a satılır. Bu, yuxarıda qeyd edilmiş 570$ qiymətdən 1.9 dəfə yüksəkdir. Qeyd etmək lazımdır ki, qeyd edilmiş 570$ qiymətə samrtfonun yığılma və logistika xərcləri daxil deyillər. Smartfonun daxili komponentlərinin analizi sayəsində məlum olub ki, iPhone 13 Pro modeli LPDDR5 standartı əvəzinə LPDDR4 standartlı 6 GB RAM ilə təchiz olunub. Bundan əlavə olaraq məlum olub ki iPhone 13 və iPhone 13 Pro eyni qrafik çiplərə sahibdirlər. Lakin onlar öz aralarında nüvələrin sayı ilə fərqlənirlər. Belə ki, iPhone 13 modeli 4 nüvəli qrafik çip ilə, iPhone 13 Pro modeli isə 5 nüvəli qrafik çip ilə təchiz olunub.

Milli.Az