Bakı ermənisi kilsədə II Qareginin cavabını verib
3 May 2010 17:27
Milli.Az portalı xəbər verir ki, bunu ANS telekanalına müsahibəsində Bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadə deyib. Şeyx deyib ki, erməni kilsəsinə getməyi II Qareginə onun özü təklif edib: "Bizim əvvəllər də ikilikdə söhbətlərimiz olmuşdu. Mən ona ermənilərin Şuşada, Qarabağın digər yerlərində törətdiyi vandalizm aktları barədə məlumat verirdim, deyirdim ki, sən din adamı kimi belə şeylərə etirazını bildirməlisən. O da mənə bəzi şeyləri demişdi. Ona görə də II Qaregin Bakıya gələndə təklif elədim ki, getsin erməni kilsəsinə baxsın, onun necə saxlandığını öz gözü ilə görsün. O inanmırdı ki, kilsəyə getməsinə imkan yaradıla bilər. Erməni katolikosu oradan çıxandan sonra açıqlama verdi ki, orada bir qəbir var imiş, indi yoxdur. Amma kilsəyə baxan erməni qadın II Qareginə deyib ki, həmin qəbrin üstünü ermənilərin özləri aparıblar".
Şeyxülislamın sözlərinə görə, erməni kilsəsinə baş çəkən II Qareginə Şəhidlər Xiyabanına getməyi də təklif edib: "Dedim ki, oradakı insanlar torpaqlarımız uğrunda şəhid olublar. Erməni kilsəsinin nümayəndələri gecə ilə getmişdilər Şəhidlər Xiyabanına. Bu, onlara çox böyük təsir göstərib. Sonra II Qaregin mənə dedi ki, müharibədə həlak olan oğlanların qanı bəlkə də bizim boynumuzdadır".
Milli.Az