Barak Obama BP şirkətini sərt tənqid etdi

3 May 2010 17:08
Amerika Birləşmiş Ştatlarının Prezidenti Barak Obama deyib ki, Meksika Körfəzində baş vermiş neft sızması misli görünməmiş ətraf mühit fəlakətidir və Britaniyanın BP şirkəti bu fəlakətin aradan qaldırılmasının bütün xərclərini çəkməlidir. Neftlə çirklənmək təhlükəsi üçün ən potensial hədəf olan Luiziana ştatında çıxış edərkən prezident deyib ki, Amerika hökuməti neft axıntısının təmizlənməsi üçün ixtiyarındakı bütün imkanlardan istifadə edəcək.

"Qoyun açıq deyim. Bu axıntı üçün BP məsuliyyət daşıyır. Bunun haqqını BP ödəyəcək. Lakin bir prezident kimi bu fəlakət davam etdikcə əlimdən gələni əsirgəməyəcəyəm. Biz dəyən ziyanın miqyasından asılı olmayaraq təmizlik işləri üçün heç nə əsirgəməyəcəyik. Nə baş verdiyini tam şəkildə təhqiq etmək üçün vaxt olacaq və məsul olanlardan haqq-hesab çəkiləcək. İndi isə bütün diqqətimiz Körfəzə dəymiş ziyanın qarşısını almaq üçün axıntını dayandırmaqdır", - deyə o, bildirib.

/BBC/