Heç kim Azərbaycanın xarici siyasətini dəyişdirə bilməz

2 Oktyabr 2021 12:05

"44 günlük Vətən müharibəsində döyüş meydanı, diplomatik masa və informasiya cəbhəsi olmaqla üç əsas istiqamət üzrə görülən işlərə məhz özü uğurla rəhbərlik edən Prezident İlham Əliyev müharibə bitsə də, hələ də iki cinahda gördüyü işlərə fasilə vermir".

Bunu Milli.Az-a açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.

O bildirib ki, tarixi həqiqətləri Azərbaycan xalqının yaddaşından da, tarixdən də nə Ermənistan, nə Fransa, nə də bir digər dövlət silə bilər:

"Bir tərəfdən yüksək səviyyəli görüşlər keçirir, müsbət nəticəyə istiqamətlənmiş addımlar atmaqla qərarlar alırsa, digər tərəfdən də informasiya cəbhəsində xalqımızın milli maraqlarını rəhbər tutaraq hələ də "silahını" yerə qoymur. Bu baxımdan da dövlət başçımızın ATƏT-in Minsk qrupunda tutduğu mandatına tamamilə zidd olaraq ermənipərəst mövqe tutan Fransanın "France-24" televiziya kanalına verdiyi müsahibə bir neçə istiqamət əsas götürülməklə müstəsna əhəmiyyət daşıyır. Əvvəla, müsahibə fransız auditoriyası ilə birbaşa təmasda olmaq, həm siyasi istəblişmentinin, həm də sadə xalqın Azərbaycan dövləti və xalqı haqqında formalaşan, daha dəqiq desək formalaşdırılan stereotiplərin qırılması baxımından, həm də Fransanın Ermənistana bu qədər yaxın olduğu faktı nəzərə alınmaqla Ermənistana verilən mesajların birbaşa çatdırılması baxımından olduqca vacib idi. Nəzərə alsaq ki, müsahibə zamanı dövlət başçımız heç nədən çəkinmədən bildirdi ki, Fransa ilə Ermənistanın tarixi əlaqələri, Fransada aktiv erməni icmasının mövcud və onların qərar qəbul edən fiqurlara mümkün təsiri barədə Azərbaycan tərəfi məlumatlıdır. Bu məqamda o fakt da vurğulanmalıdır ki, jurnalistin BMT-də müharibə bitəndən bəri ilk dəfə Azərbaycanın və Ermənistanın xarici işlər nazirlərinin görüşdüyü faktını dilə gətirməsi Fransa və fransız mətbuatının hadisələri, təmasları olduqca yaxından izlədiyindən xəbər verir. Jurnalistin Vətən müharibəsi zamanında ölkə başçımızın özünün də qeyd etdiyi kimi prokuror ədası ilə deyil, ittihamdan kənar, balanslı şəkildə özünü apararaq ölkəmizin 44 gün ərzində qalib gəldiyi faktını vurğulayaraq müsahibəyə başlaması həm də onun siqnalını verirdi ki, müəyyən mənada suallar balanslı olacaq və yaranmış reallıq nəzərə alınacaq. 

Müsahibədə bir daha o reallıq ifadə edildi ki, müharibə bitib, münaqişə öz həllini tapıb. Dağlıq Qarabağ adlı inzibati ərazi bölgüsü də mövcud deyil. Bu faktı daha bir yüksək tribuna vasitəsilə sentyabrın 23-də BMT Baş Assambleyasının 76-cı sessiyasının dövlət və hökumət başçıları səviyyəsində keçirilən illik ümumi müzakirələri zamanı ölkə Prezidenti İlham Əliyev videoformatda çıxışı əsnasında səsləndirmişdi. Orada yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır, status da mövcud deyil, hətta muxtariyyətin verilməsi belə artıq müzakirə mövzusu deyil, çünki bu termin də Azərbaycanın gündəliyində mövcud deyil. İndi Qarabağ və Şərqi Zəngəzur mövcuddur. Ermənistanın siyasi istablişmentində baş qaldıran revanşist meyillərə cavab olaraq  Azərbaycanın yeni təhlükə görəcəyi təqdirdə, heç bir tərəddüd etmədən erməni faşizmini yenidən əzəcəyik bəyanatı bu meyillərə qarşı qaldırılmış fikirlərdir. Bu, bir növ Ermənistanın qırmızı xəttinin haradan keçdiyinin göstərilməsi idi. Bununla yanaşı, Azərbaycan tarixini unutmur, heç bir dövlətə qarşı ərazi iddiası etmədən tarixi faktları və reallıqları gələcək nəsillərə ötürür. Zaman gələcək biz İrəvana da gedəcəyik və bu, bizim təbii, legitim haqqımızdır. Biz tariximizi unutmamışıq, tarixi həqiqətləri Azərbaycan xalqının yaddaşından da, tarixdən də nə Ermənistan, nə Fransa, nə də bir digər dövlət silə bilər. Xalqımız ermənilərin hansı məqsədlərlə tarixi torpaqlarımızda məqsədli şəkildə yerləşdirildiyini gözəl bilir.

Fransaya verilən bir sətiraltı mesaj da ondan ibarət idi ki, Azərbaycanda əsassız şəkildə bu və ya digər istiqamətdə boşluqların olduğunu dilə gətirmədən öncə öz ölkənizdə mövcud olan boşluqlara fokus olsun. Bu baxımdan da hər hansı bir ölkənin hüdudları çərçivəsində baş verən qanunsuz hadisələri araşdırmaq məsuliyyəti Azərbaycanın deyil, o hadisənin baş verdiyi ölkənin hüquq-mühafizə orqanlarının işidir. Bu faktı da ölkə başçımız çəkinmədən elə fransız kanalı vasitəsilə öz diqqətlərinə çatdırdı ki, olmayan, sübutsuz hadisələrlə Azərbaycanın üzərinə gəlməyə heç kimə aman verməyəcəyik. 

Düşünürəm ki, müsahibənin hər kəs tərəfindən gözlənilən məqamı Fransa-Azərbaycan münasibətləri ilə əlaqədar olaraq Azərbaycanın mövqeyinin nədən ibarət olması ilə bağlı idi ki, bu məsələ də bilavasitə məhz elə bu ölkənin kanalı vasitəsilə diqqətə çatdırıldı. Olduqca açıq şəkildə ifadə edildi ki, Azərbaycan Fransa ilə münasibətlərini uğurlu şəkildə qurub. Məsələn, təkcə bir faktı vurğulamaq lazımdır ki, Heydər Əliyev Fondu Fransada tarixi abidələrin restavrasiyası ilə bağlı nəzərəçarpan işlər həyata keçirib. Artıq Azərbaycan Parisdən gələcək Fransa-Azərbaycan münasibətləri ilə bağlı müsbət siqnallar alıb və onlara da müsbət cavab verib. Heç kimə sirr deyil ki, Fransa dünyada aparıcı dövlətlərdən biridir və Azərbaycan bu dövlətlə münasibətlərinin normal olmasını istəyir. Bu gün yaranmış reallığa isə realist yanaşma ortaya qoyulmalıdır. Azərbaycanın xoşagəlməz hadisələrdən sui-istifadə etməməklə səhifəni müsbət istiqamətdə çevirməyə hazır olduğu ifadə edildi. Fransa da, Ermənistan da neqativ meyillərlə çıxış etməli deyil, regionda sülh, sabitlik və təhlükəsizlikdə maraqlı olmalıdır.

Diplomatiyanın nəzəri və təcrübi əsaslarına böyük ustalıqla hakim olan ölkə başçımız hər bir dövlətin xarici siyasətinin prioritet istiqamətlərini müəyyənləşdirərkən, digər bir dövlətlə ikitərəfli ya da çoxtərəfli zəmində münasibətlər qurarkən hansısa bir dövlətə, dövlətlərə daha yaxın ola bilmə reallığının normal olduğunu bildirir. Burada ölkə başçımız ikitərəfli mesaj verir. Birincisi deyir ki, bəli, bu da Fransanın bir digər ölkə kimi haqqıdır. Amma, ancaq və lakin bir digər və daha basqın reallıq ondan ibarətdir ki, əgər Fransa ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsidirsə obyektiv və qərəzsiz mövqe nümayiş etdirməli idi. Lakin bitərəf yox, birtərəfli mövqe ilə Ermənistanın tərəfini tutdu, hərəkət və bəyanatlarında Azərbaycanı açıq şəkildə ittiham etdi. Eyni zamanda dövlət başçımız onu da nəzərlərinə çatdırır ki, hər hansı bir dövlətlə daha yaxın əlaqələrin qurulması sizin olduğu qədər Azərbaycanın da haqqıdır. Yəni heç kim Azərbaycanın dövlətlərlə münasibətlərini necə qurmalı olduğu işinə qarışa bilməz". 

Təhməz Əsədov
Milli.Az