Ərdoğanla Putin arasında danışıqların pərdəarxası

30 Sentyabr 2021 11:50

Dünən Soçidə dünyanın diqqətini çəkən tarixi zirvə görüşü baş tutdu. Rusiya və Türkiyə prezidentləri - Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında üç saatdan artıq davam edən qapalı görüşün təfərrüatları açıqlanmır. Son bir neçə ildə Rusiya ilə Türkiyə arasında siyasi-iqtisadi əlaqələr, hər iki ölkənin Qərblə siyasi əlaqələri gərginləşmək fonunda genişlənməkdədir. İki ölkə lideri arasında görüşlər və danışıqlar sözün əsl mənasında pik həddini yaşayır. Hərbi və enerji sahəsində müqavilələr imzalanır, bu və ya digər iqtisadi sahələrdə əməkdaşlıq genişlənir. Moskva və Ankaranın bu qədər yaxınlaşmasını sözsüz ki, Ərdoğanın və Putinin xarakterində axtarmaq lazımdır.

"Məhsuldar görüş"

Beləliklə, hər iki lider danışıqları "məhsuldar" adlandırıb. Rusiya və Türkiyə prezidentləri - Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğan arasında baş tutan görüşün əsas gündəmi Suriya olsa da, Cənubi Qafqaz da qapalı danışıqlarda əsas müzakirə mövzusu olub. Rusiyanın İdlibdəki mövqelərə son zərbələri Türkiyə ilə imzalanan atəşkəs müqaviləsinin ləğv ediləcəyi ilə bağlı narahatlıq yaratsa da, yüksək rütbəli türk rəsmisi görüşdə üstünlük təşkil edən faktor kimi Ərdoğanla Putinin Suriyanın İdlib bölgəsindəki mövcud status-kvonu qorumaq üçün razılığa gəldiklərini qeyd edib.

Türk mediası - İdlibdə status-kvo saxlanılacaq

Türkiyə mediası yazır ki, Ərdoğan və Putin İdlibdə mövcud status-kvonun qorunub saxlanması məsələsində anlaşıb. Yüksək vəzifəli türk rəsmisi Ərdoğan və Putinin Suriyanın İdlib bölgəsindəki mövcud status-kvonu qorumaq üçün razılığa gəldiklərini qeyd edib: "İdlibdə heç bir dəyişiklik yoxdur. Orada mövcud status-kvonu qoruyacağıq". Bundan əlavə iki lider Liviyadan Qarabağa, S-400-lərin ikinci partiyasından ticarət əlaqələrinə qədər bir çox məsələni müzakirə edib. Prezident Ərdoğan da Putinlə təkbətək görüşə girməzdən əvvəl kameralar qarşısında; "Suriya mövzusunda birlikdə atdığımız addımlar böyük əhəmiyyət kəsb edir. Oradakı sülh Türkiyə-Rusiya münasibətlərindən asılıdır" deyib.

Ərdoğan C-400-ü təsdiqlədi

Liderlər görüşdən sonra heç bir açıqlama verməsə də, qapalı keçən danışıqlarda Türkiyə-Rusiya arasında yeni S-400 razılaşmasının mümkünlüyü diqqət mərkəzində olub. Elə Ərdoğan da "Nyu-York Tayms"a müsahibəsində bu məsələni bir növ təsdiqləyib. Bildirib ki, əgər ABŞ "Patriot" komplekslərini satsaydı, Türkiyə Rusiyadan S-400-ləri almaq məcburiyyətində qalmayacaqdı.

Cənubi Qafqaz da prioritet olub

Bundan əlavə, danışıqlarda Cənubi Qafqazda mövcud vəziyyət də müzakirə olunub. Beləliklə, görüşün həm Suriya, həm də Cənubi Qafqazda proseslərə təsir edəcəyi şübhəsizdir. Rusiya prezidenti Vladimir Putin danışıqlar zamanı  Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin Azərbaycan-Ermənistan sərhədində atəşkəsə nəzarətdə də fəal işlədiyini deməsi də bunu təsdiqləyir. Maraqlıdır ki, bu görüşdən əvvəl ekspertlər Putin və Ərdoğanın Yaxın Şərqdə və Aralıq dənizi hövzəsində qüvvələr balansının saxlanmasına dair saziş imzalaya biləcəyini desələr də, bu, baş verməyib. Vladimir Putin deyib ki, Türkiyə tərəfiylə görüşlər həmişə asan keçməsə də, iki ölkənin əlaqəli qurum və təşkilatları təmas nöqtəsi tapa bilirlər. "Danışıqlar bəzən asan keçmir, amma yekun nəticə müsbət olur. Bizim qurumlarımız hər iki tərəf üçün faydalı olan kompromislər tapmağı öyrənib", o əlavə edib. Türkiyənin Rusiyaya yatırımları ümumilikdə 1,5 milyard dollara, Rusiyanın Türkiyədəki yatırımları isə 6,5 milyard dollara çatıb. Bütün böyük layihələr planlaşdırıldığı şəkildə davam etməkdədir".

Kamran Seyidov
Milli.Az