Soçi görüşündən Azərbaycan nə gözləyir? - Türkiyənin GÜNDƏLİYİ

28 Sentyabr 2021 15:48

"Rusiya ilə Türkiyənin gündəliyində məsələlər çoxdur və yaxşı ki, Qarabağda olan Rusiya-Türkiyə əməkdaşlığı məsələsi Soçi görüşü zamanə hər iki ölkə prezidentləri arasında müzakirə olunacaq məsələlər sırasında ön plandadır. Buna sevinmək lazımdır".

Bunu Milli.Az-a açıqlamasında politoloq Fərhad Məmmədov deyib.

O bildirib ki, Soçi görüşü Qarabağda Azərbaycanı narahat edən məsələlərin həllinə gətirib çıxara bilər:

"Suriyadakı problemlər artıq çox kəskinləşib. Rusiya ilə Türkiyə arasında son bir neçə gün ərzində bu görüş ərəfəsində öz mövqelərini gücləndirmək üçün müəyyən addımlar atıblar. Bu əsasən, Rusiyanın hərbi kosmik qüvvələrinin Türkiyənin məsuliyyət zonası olan İdlibə hava zərbələri endirməsi hadisəsidir. Bununla bağlı dünən Türkiyə Müdafiə Nazirliyi də xüsusi bəyanatla çıxış etdi ki, bu hadisə Rusiya-Türkiyə anlaşmasına ziddir. O istiqamətdə Rusiya-Türkiyə münasibətlərində ciddi problemlər yaşanır. 

Digər tərəfdən pozitiv gündəlik də var. Bu, Rusiya-Türkiyə ticarət dövüyyəsidir, eyni zamanda hərbi sahədə əməkdaşlıqdır - Rusiyadan ikinci partiya S-400 raket komplekslərinin alınmasıdır. ABŞ prezidenti ilə görüşün alınmaması Türkiyə üçün bir zəmin yaratdı ki, onlar bunu həyata keçirsinlər. Bunları ona görə deyirəm ki, Türkiyə-Rusiya gündəliyində müzakirə ediləcək çoxlu məsələlər var deyə. Məsəl üçün , problemli məsələlərdən biri də Ukraynadır və Türkiyənin Krımla bağlı kifayət qədər sərt mövqeyi. Bütün bunlara baxdıqda, deyə bilərik ki, Qarabağda olan vəziyyət kordinal olaraq digər məsələlərdən fərqlənir. Qarabağ, bu iki ölkənin müsbət müzakirə məsələsinə aiddir. Bu məsələdə Türkiyə ilə Rusiyanın mövqeyi demək olar ki, üst-üstə düşür. 

Rusiya və Türkiyə liderlərinin Soçi görüşündən qabaq dünən R.T.Ərdoğanla İlham Əliyev arasında baş tutan telefon danışığı da mövqelərin son anda uyğunlaşdırılması məqsədi daşıyırdı, bu amil çox vacibdir. Soçi görüşü də olduqca vacibdir. Çünki adətən belə görüşlər problemlərin həllinə gətirib çıxarır. Digər tərəfdən həm Rusiyanın, həm Türkiyənin beynəlxalq mövqeyi ondan ibarətdir ki, onlar hər ikisi həm liderlər səviyyəsində, həm də ölkələrin beynəlxalq vəziyyəti konteksindən bir-birini daha yaxşı başa düşürlər. Qarabağla bağlı Ermənistan, Zəngəzur, Rusiya sülhməramlılarının məsuliyyət zonasındakı məsuliyyətləri, səlahiyyətləri müzakirə oluna bilər. Bu mövzular Azərbaycanın da marağındadır. Rusiya ilə Türkiyə nə qədər çox bizim bölgədə əməkdaşlıq etsə, o qədər Azərbaycanın xeyirinədir".

Təhməz Əsədov
Milli.Az