Ayan Babakişiyeva: "Onun ölüm xəbəri sakit, hay-küysüz keçdi"

21 Fevral 2012 09:49
Müğənninin gəldiyi qənaətə görə, artıq dünya şou-biznesi marağını itirib. O, Milli.Az-a açıqlama verərkən bildirdi ki, hətta Uitni Hyuston kimi dünya ulduzunun ölüm xəbəri sakit, hay-küysüz keçdi:

"Bunun özü bir sübutdur. İnsanlarda artıq maraq qalmayıb. Mənim fikrimcə, indi film, KVN, komediya dövrüdür. Müğənnilərimizin konsert problemi olsa belə, bu sferada tam sakitlik deyil. Bir-birinin ardınca müəyyən kütlə konsertini təqdim edir. Amma "Bu şəhərdə" və "Planeta Parni iz Baku"nun biletləri qədər konsertlərinə bilet satılmır. Əksəriyyətinin konsert salonunu tanışları, qohum-əqrəbaları və dəvətnamə ilə gələn qonaqları doldurur. Ona görə də konsert vermədən öncə çox düşünmək lazımdır".

Müğənni konsertə marağın olmamasını başqa bir məsələ ilə izah etdi. Dedi ki, bu gün efirlər sevilən sənətçiləri və onların ifalarını kifayət qədər ictimaiyyətə göstərir ki, tamaşaçının gözü doyur.

"Hər gün efirlər sənətçilərə kifayət qədər vaxt ayırır. Çünki izlənilən sahənin nümayəndələridirlər. Ona görə də konsert tamaşaçısında "filankəs"lərə maraq azalır. Söhbət ifadan yox, məhz ifaçıya olan maraqdan gedir", - deyə gənc müğənni bildirdi.

Zəminə
Milli.Az