Şuşa fatehi Tural Əsədovun döyüş yolu - VİDEO

27 Sentyabr 2021 14:04

O, Şuşanın azad olunmasını qeyd etdikdən sonra şəhadətə qovuşub

Müzəffər Ordumuzun Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhadətə yüksələn hərbçilərindən biri də Əsədov Tural Sərvan oğludur. 1990-cı ildə Beyləqan rayonunda anadan olan Tural orta təhsilini bitirdikdən sonra 2008-ci ildə hərbi xidmətə yollanıb.

Milli.Az Real TV-yə istinadən bildirir ki, Vətən müharibəsi başlayan gündən yenidən ordu sıralarına qayıdan Tural Əsədov işğalda olan torpaqlarımızın azad olunmasında sonadək cəsarətlə vuruşub. Şəhadətindən əvvəl ailəsinə böyük sevinclə Şuşanın azad edilməsi xəbərini çatdırıb.

Həyat yoldaşı deyir, Vətən müharibəsi başlayan günlərdə səhhətində ciddi problem olmasına baxmayaraq Tural vətənin harayına çatmağa can atıb. Öz ağrılarını unudub cəsarətlə torpaqlarımızın düşmən tapdağından təmizlənməsi uğrunda savaşa qatılıb.

Turaldan ailəsinə və vətəninə 2 qız övladı yadigar qalıb. Turanə və Fatimə indi şəhid övladları olduqları üçün qürur duyur

Qeyd edək ki, vətən torpaqlarının azad edilməsində göstərdiyi şücaət və qəhrəmanlığa görə Tural Əsədov Prezidentin sərəncamı ilə "Vətən uğrunda", "Qubadlının və Şuşanın azad edilməsinə görə" medalları ilə təltif edilib. Qanı ilə torpağı Vətənə çevirən qəhrəmanlar əbədi olaraq yaşayır. Tural da zaman keçib illər ötsə belə hər bir azərbaycanlının qəlbində daim yaşayacaq.

Milli.Az