Bu xəbərdən sonra Azərbaycanın şərabçılıq bölgələri beynəlxalq atlasa daxil edildi

24 Sentyabr 2021 15:34

Trend-in xəbərindən sonra Azərbaycanın şərab marşrutları və əsas şərabçılıq bölgələri beynəlxalq platformaya əlavə edilib.

Bu barədə Trend-ə açıqlamasında Azərbaycan Turizm Bürosunun Turizm sektorunun müdiri Şərifə Həsənova məlumat verib.

Onun sözlərinə görə, worldwineregions.com adlı platformaya əlavə məlumatların yerləşdirilməsi üçün danışıqlar aparılır:

"Sizin vasitəçiliyinizdən sonra bizimlə əlaqəyə keçdilər və Azərbaycanın şərabçılıqla bağlı məlumatlarını öz platformalarına yerləşdirmək istədiklərini dedilər. Bir neçə sorğu da göndəriblər və bu məlumatları da hazırlayırıq. Bu, Azərbaycan şərabçılığının dünyada tanıdılması üçün töhfədir. Sizə təşəkkür edirəm. Platforma turizmdən daha çox şərabçılıqla məşğul olan insanlar üçündür. Şərabın daha çox texniki tərəflərini öyrənənlər üçün bir bazadır. Siz bu platformaya daxil olanda dünyanın müxtəlif şərab zonaları haqqında məlumat əldə edirsiniz".

Qeyd edək ki, bu ilin avqustunda yayımlanan "Azərbaycanda şərab turizminin inkişaf etdirilməsi üçün işlər görülür" başlıqlı xəbərdən sonra beynəlxalq onlayn şərabçılıq atlasının rəhbəri Martin von Wyss müxbirimizlə əlaqə yaradıb və ətraflı məlumatlar əldə edib.

Milli.Az