Fatma Yıldırım: "Azərbaycan Prezidenti regionda davamlı sülh istədiyimizi bir daha dünyaya çatdırdı"

24 Sentyabr 2021 14:29

"Azərbaycan dövlətinin koronavirus pandemiyası ilə mübarizə tədbirləri, ölkəmizin bu qlobal problemin qarşının alınması istiqamətində səyləri və təşəbbüsləri beynəlxalq ictimaiyyət tərəfindən hər zaman yüksək qiymətləndirilir. Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 23-də BMT Baş Assambleyasının 76-cı sessiyasının dövlət və hökumət başçıları səviyyəsində keçirilən illik ümumi müzakirələrində videoformatda çıxışı zamanı da COVİD-19 pandemiyası ilə mübarizə ilə bağlı mühüm məqamlara toxunub".

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Deputat bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyətində əhalinin sağlamlığının qorunması və sosial müdafiəsinin daha da gücləndirilməsi başlıca yer tutur: "Azərbaycan pandemiya ilə mübarizədə daha güclü qlobal həmrəyliyin tərəfdarıdır. Ötən ilin may ayında Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi təşkilatın Təmas Qrupu ölkələrinin COVID-19 ilə mübarizəyə həsr edilmiş Zirvə toplantısını təşkil etmişdi. Həmin zirvə toplantısında Azərbaycan Prezidenti tərəfindən BMT Baş Assambleyasının pandemiya ilə mübarizə mövzusunda dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyasının keçirilməsi təklifi irəli sürüldü və bu təklif dünya ölkələrinin böyük əksəriyyəti tərəfindən dəstəkləndi. Keçən ilin dekabrında xüsusi sessiya baş tutdu və bu mötəbər tədbir beynəlxalq ictimaiyyətin əlaqələndirilmiş birgə fəaliyyətinə böyük töhfələr verib".

Millət vəkilinin sözlərinə görə, Azərbaycan həmçinin bu dövrdə Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə töhfəsi edib, 30-dan artıq ölkəyə koronavirusla mübarizənin dəstəklənməsi üçün humanitar və maliyyə yardımı göstərib. Bundan əlavə, dörd ölkəyə təmənnasız olaraq 150 min doza vaksin göndərilib.

Fatma Yıldırım qeyd edib ki, Azərbaycan cari ilin yanvar ayının ortalarından peyvəndləmə kampaniyasına başlayıb: "Ölkəmizdə peyvəndləmə işləri uğurla davam edir. Azərbaycan bu işləri özünün maliyyə resursları hesabına həyata keçirir. Lakin dünyanın elə kasıb ölkələri var ki, vaksinləşmədən kənarda qalıb. Bu səbəbdən də həmin ölkələrdə yoluxma və ölüm halları yüksəkdir. Azərbaycan dəfələrlə açıq şəkildə peyvəndlərin zəngin ölkələr tərəfindən öz ehtiyaclarından daha artıq miqdarda alınması ilə bağlı öz narazılığını ifadə edib. Bu məsələyə beynəlxalq diqqətin cəlb edilməsi məqsədilə Azərbaycan BMT-nin İnsan Hüquqları Şurasında Qoşulmama Hərəkatı adından bütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsinə dair qətnamə irəli sürüb və həmin qətnamə cari ilin mart ayında yekdilliklə qəbul edilib. Prezident İlham Əliyev BMT Baş Assambleyasının 76-cı sessiyasının dövlət və hökumət başçıları səviyyəsində keçirilən toplantısında da dünyada davam edən "peyvənd millətçiliyi" və peyvəndlərə çıxışla əlaqədar inkişaf etmiş və inkişaf etməkdə olan dövlətlər arasında dərinləşən qeyri-bərabərliklə bağlı narahatlığını bir daha vurğulayıb. Ona görə də cari sessiya çərçivəsində Azərbaycan BMT Baş Assambleyasında eyni mövzuda qətnamə layihəsini irəli sürməyi planlaşdırır. COVID-19-dan sonra daha yaxşı bərpa üçün güclü, əlaqələndirilmiş və məqsədyönlü qlobal addımlara ehtiyac var. Bu mənada dövlət başçısı pandemiyadan sonrakı dövr üçün qlobal tədbirlərə dair tövsiyələr hazırlayacaq BMT-nin COVID-19-dan sonra qlobal bərpa üzrə Yüksək Səviyyəli Panelinin yaradılmasını təklif edib. Hesab edirəm ki, cənab Prezidentin bu təklifi də beynəlxalq ictimaiyyət tərəfindən yüksək səviyyədə dəstəklənəcək. Çünki dövlət başçısının bütün təşəbbüsləri məhz dünya ölkələrinin və xalqlarının ümumi maraqlarına, COVİD-19-la mübarizənin daha effektli, təsirli olmasına xidmət edir".

Millət vəkili BMT Baş Assambleyasının sessiyasında Prezident İlham Əliyevin İkinci Qarabağ müharibəsi, torpaqlarımızın işğalına son qoyulması ilə bağlı geniş məlumatın da verdiyini diqqətə çatdırıb: "Baş Assambleyanın sessiyasında dövlət başçısı torpaqlarımızın işğaldan azad olunduğunu, Dağlıq Qarabağ münaqişəsinin başa çatdığını qürurla qeyd etdi. Prezident İlham Əliyev 30 il ərzində Ermənistanın işğalçılıq siyasətinin ağır nəticələri, Ermənistanın hərbi cinayətləri barədə fikirlərini bildirdi. Ölkə başçısı vurğuladı ki, BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsi 27 il kağız üzərində qaldı və beynəlxalq birlik buna görə Ermənistana qarşı heç bir sanksiya tətbiq etmədi. Eyni zamanda, ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistanı Azərbaycana qarşı hərbi təcavüzə son qoymağa məcbur etmək üçün qətiyyətli addımlar atsaydılar, onda üzərlərinə düşən vəzifələrin icrasına nail ola bilərdilər. Lakin bu da baş vermədi. Əksinə, Ermənistan işğalın nəticələrini gücləndirməyə çalışır, yeni hərbi təxribatlar törədirdi. Ona görə də Azərbaycan öz gücünə ötən il 44 gün ərzində torpaqlarını işğaldan azad etdi, BMT Təhlükəsizlik Şurasının qətnamələrini özü yerinə yetirdi. Belə bir fakt dünya tarixində nadir haldır. Beləliklə, Azərbaycan regionda yeni reallıqlar yaradıb və hamı bu reallıqlarla hesablaşmalıdır".

Millət vəkilinin sözlərinə görə, Prezidentin çıxışında sülh və əməkdaşlığa xidmət edən sahələrdən biri kimi nəqliyyat layihələrini həyata keçirilməsinin önəmi vurğulaması və bu kontekstdə Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası və Türkiyə ilə birləşdirəcək Zəngəzur dəhlizinin bütövlükdə region üçün yaradacağı yeni imkanlar haqqında danışması bizim regionda davamlı sülh istədiyimizi bir daha bütün dünyaya çatdırdı.

Milli.Az