“Bizi ancaq İranın himayəsi xilas edə bilər” - ermənilər xam xəyala düşüblər

24 Sentyabr 2021 11:12

Telegram şəbəkəsinin İrandakı "İslam İnqilabı Keşikçiləri Korpusu"na (SEPAH) bağlı Azariha səhifəsi Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin sabiq direktoru, sabiq prezident Sarj Sarqsyanın lider olduğu "Şəfərim var" hərəkatının parlament fraksiyasının rəhbəri Artur Vanesyanın müsahibəsini dərc edib.

Milli.Az bildirir ki, A.Vanesyan müsahibəsində Azərbaycanla Türkiyənin Ermənistanı almaq istədiyini və ölkənin yeganə şansının İrana sığınmaq olduğunu bildirib. Onun fikrincə, Ermənistan İranla iqtisadi, siyasi və hərbi əlaqələrini gücləndirməli, qarşılaşdığı böhranlı vəziyyətdən Tehranın himayəsi ilə çıxmalıdır.

Bununla bahəm, A.Vanesyan Facebook-dakı səhifəsində "Ermənistanın dost ölkələrlə çoxtərəfli və çoxşaxəli əlaqələrinin gücləndirilməsinin vacibliyi"ndən bəhs edib.

O, yazıb: "Ermənistana dost olan İranın ünvanına son vaxtlar Azərbaycanda ən müxtəlif səviyyələrdə qəbuledilməz və təxribatçı bəyanatlar verilir, İrana qarşı yönəlmiş addımlar atılır. Bunların məqsədi yeni destabilizasiya dalğasının, regionda yeni risklərin və çağırışların yaradılmasıdır.

Azərbaycanda Türkiyə ilə birlikdə keçirilən müntəzəm hərbi təlimlər habelə onu göstərir ki, rəsmi Bakı və Ankaranın öz uzunmüddətli siyasətlərini regional sülhün əldə olunması məntiqi çərçivəsində qurmaq istəmirlər. Bu, həm də sözügedən ölkələrin militar ambisiyalarının sadəcə, Ermənistan və Qarabağla bitmədiyini göstərir. Məhz sadaladığım amillər səbəbindən məhz indi, indiki mərhələdə Ermənistanla dost ölkələrlə münasibətləri fəallaşdırmağın, əlaqələri keyfiyyətcə yeni səviyyəyə qaldırmağın həddən ziyadə mühüm olduğunu düşünürəm".

"Hayrenik" Partiyasının sabiq sədrinin, 41 yaşlı Vanesyanın söylədikləri və yazdıqları siyasi demaqogiyanın ən bəsit, primitiv izharı olmaqla bitmir.

A.Vanesyan əslində, Ermənistanın dövlət siyasəti ilə yanaşı, erməniliyə və ermənilərin düşüncə tərzinə güzgü tutur.

44 günlük Vətən Savaşında kapitulyasiyaya uğrayandan sonra yeni himayədar, daha doğrusu, sahib axtarışında Fransaya, ABŞ-a, Avropa Birliyinə üz tutan rəsmi İrəvan indi Azərbaycanla İran İslam Respublikası arasında münasibətlərin gərginləşdiyini düşünərək öz maraqlarının tam təminatına can atır.

A.Vanesyan əslində, İrəvanın siyasi elitalarındakı çox yanlış, hətta marazmatik bir mövqenin daşıyıcısıdır. Bu mövqe bəsitdir: əgər Azərbaycan hazırda Gorus-Qafan yolu ilə hərəkət edən İran yük avtomobillərindən gömrük rüsumu alırsa, İran da yük avtomobilləri ilə Azərbaycan ərazisinə, Xankəndiyə yanacaq yollayırsa, deməli, Bakı ilə Tehran arasında bütün münasibətlər pozulub.

Təbii, Azərbaycanla İran arasındakı ikitərəfli münasibətlərdə bəlli və müəyyən problemlər var.

Lakin bu, iki ölkə arasında hansısa absurd "düşmənçilik" yaranması demək deyil.

Tam əksinə, həm Bakı, həm də Tehran mövcud çətinlikləri ən yaxın zamanda aradan qaldırmaqda, münasibətləri sürətləndirməkdə və inkişaf etdirməkdə maraqlı olmaqla yanaşı, qərarlıdır.

İrəvanın budəfəki "İran sevdası" da mənasız, puçdur.

Orxan Hun
Milli.Az