ABŞ Konqresi "erməniləşir" - YENİ DETALLAR

23 Sentyabr 2021 11:31

Erməni lobbisinin ciddi maliyyə və siyasi təsiri altında olan amerkalı qanunvericilər növbəti dəfə ölkəmizə qarşı ədalətsiz düzəlişlərin qəbuluna səs veriblər. 30 il Azərbaycan torpaqlarının işğal altında qalmasına göz yuman, milyondan artıq insanın ev-eşiyindən məhrum olmasına səbəb olan təcavüzkar Ermənistan qalıb bir qıraqda, yenə də, torpaqlarını işğaldan azad edən ölkə hədəfə alınır. Minsk qrupunun iştirakçısı olan Birləşmiş Ştatların qanunvericiləri məsələyə obyektiv yanaşmaq yerinə, ikili standartlardan çıxış edib və bədnam bir sənədə imza atıb.

ABŞ Nümayəndələr Palatasının qəbul etdiyi sənəd Kardenas-Şiff-Şerman düzəlişi adlanır. Tam obyektvilikdən kənar olan bu sənəddə Qarabağ müharibəsi zamanı əsir düşən hərbi cinayətkarların azad edilməsi və müharibə zamanı hərbi cinayətlərlə bağlı təhqiqatın aparılması tələb olunur. Sual oluna bilər - hansı hərbi cinayətlərdən söhbət gedir? Bəlkə amerikalı qanunvericilər dinc sakinlərin öldürüldüyü Gəncə, Bərdə, Tərtər və s. ərazilərin qadağan olunan silahlarla bombalanmasını nəzərdə tutur... Təki belə olsun.

Bundan əlavə, sənəddə guya Azərbaycanın müharibə zamanı cinayətlər törətdiyi iddia olunur və onların da araşdırılması tələb olunur.  Hərbi əməliyyatllar zamanı qadağan olunan silahları istifadə edən Ermənistan olduğu halda, Azərbaycan hədəfə alınır.  Ağ fosfor və s. bu kimi mərmilər məsələsi qabardılır. Eyni zamanda 2020-ci ildə Qarabağ müharibəsi zamanı erməni mülki əhalini məğlub etmək üçün istifadə edilən pilotsuz uşuş aparatlarında Amerika texnologiyalarının istifadəsi faktları ilə bağlı araşdırmalara başlamaq tələb olunur.

İkili standarların yer aldığı bədnam düzəlişlərin başdan-ayağa obyektivlikdən uzaq, heç bir fakta söykənmədiyi göz önündədir. Sanki düzəlişlər ABŞ Konqresinin komitəsində deyil, Ermənistan parlamentində hazırlanıb. Ümid edək ki, ABŞ rəhbərliyi obyektiv mövqedən çıxış edib bu sənədin reallaşmasına veto qoyacaq.

Kamran Seyidov
Milli.Az