Pula olan maraq onu “Cənubun ən varlı adamı” edib - VİDEO - FOTO

26 Sentyabr 2021 19:20

Onu "Cənub bölgəsinin ən varlı sakini" adlandırırlar. Söhbət uşaq yaşlarından pul, marka, maraqlı əşya toplamağa həvəs göstərən kolleksiyaçı Şaiq Əzimovdan gedir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Lənkəranın ən zəngin pul kolleksiyasına sahib olan Şaiq Faiq oğlu Əzimov 1982-ci ildə Lənkəran şəhərində ziyalı ailəsində doğulub. Uşaqlıqdan bu sahəyə maraq göstərsə də, 5 ildir peşəkar olaraq pul kolleksiyası toplayır. Dediyinə görə, kolleksiyasında hazırda 100-ə yaxın ölkənin keçmiş və indiki dövrlərinə aid pul nominalları var. O, həm dəmir, həm də kağız pullar toplayır.

Şaiq Əzimovda bu sahəyə həvəsi əmisi yaradıb: "Böyük əmim də kolleksiyaçı olub, uşaq vaxtı onun yığdığı pullara baxardım. Sonra məndə də həvəs yarandı, başladım qədim pullar toplamağa. Hazırda kolleksiyamda mindən çox kağız, minə yaxın isə dəmir pul var".

Kolleksiyaçı qədimi pulları dostları, həmkarları vasitəsilə əldə edir. "Çətinliklə əldə etdiyim əskinas da olub. O da, bax budur - General Yugenisin adına buraxılan pul. Bunun məndə olmasını çox istəmişəm. Çünki bu pulun dizaynı, görünüşü çox maraqlıdır. 1919-cu ilə aiddir. Sevinirəm ki, bu maraqlı dizayna malik pul məndə var", - deyə o bildirib.

Şaiqin kolleksiyasındakı pullarda tarixi şəxsiyyətlərin təsviri də diqqət çəkir: "İraqın milli pul vahidini də əldə etməyi çox istəmişəm. Buna da nail olmuşam. Səddam Hüseynin təsviri olan əskinas çox maraqlıdır. Bir də Misir pulları diqqətimi çəkir. Çox maraqlı pullardır. Əslində istəyirəm ki, dünya ölkələrinin bütün pulları kolleksiyamda olsun. Amma bu, mümkün deyil. İnsan ömrü buna çatmaz".

Qəhrəmanımızın kolleksiyasında 5000-dən çox kağız və dəmir pul var. O, həmçinin orden, medal və markalar da saxlayır.

Kolleksiyaçı gələcəkdə muzey yaratmaq fikrindədir. Burada təkcə pulları deyil, digər antik əşyaları da sərgiləməyi düşünür.

Milli.Az