“Erməni maşınları rədd olur gedir, bizi saxlıyırlar...”

21 Sentyabr 2021 21:23

BBC News/ Azərbaycanca İrandan Ermənistan yük daşıyan və Gorus-Qafan yolunun Qubadlıdan keçən hissəsində Azərbaycanın qurduğu polis postunda saxlanılan güney azərbaycanlı sürücülərdən müsahibə alıb. virtualaz.org xəbər verir ki, Azərbaycan dilində kifayət qədər yaxşı danışan müxbir Aleksey Manvelyan həmin sürücülərdən bir neçəsi ilə Yerevanın mərkəzi küçələrindən birində söhbətləşib.

Sürücülər danışırlar ki, Azərbaycan tərəfi onlardan yol vergisi tələb etdiyi üçün alternativ yoldan-Tatev yolundan istifadə ediblər. Həmin yol isə ağırtonnajlı yük avtomobilləri üçün yararsız olduğundan maşınları sıradan çıxıb. "Azərbaycan bizdən 380 dollar pul istəyir, 250 gələn baş, 130 da gedən baş. Biz də hey belə pulu versək özümüzə bir şey qalmaz, elə o qədər pul almışıq ki, yük gətirək bura...",-sürücülərdən biri deyir.

"8 kilometr yola görə 380 dollar torpaqbasdı istəyirlər, 8 kilometrə görə o qədər pul istəmək olar?",-digər sürücü söhbətə qoşulur.

Sürücülər onu da deyirlər ki, bu günlərdə iki iranlı sürücü Azərbaycan polisi tərəfindən saxlanılıb. "Yükü gətirib bura boşaldıblar, deyiblər gedək Qərabağa. Yükü boşaldıb geri qayıdıblar İrana, təzədən bura yük vurublar, gələndə tutublar, nömrələrini yazıbmışlar...",-sürücülərdən biri bildirir.

Milli.Az