Zərdab su altında

3 May 2010 14:31
Son günlər havaların yagışlı kecməsi Zərdab rayonunda fəsadsız ötüşməyib. Aramsız yağışlar nəticəsində Kur çayının səviyyəsi qalxıb. Rayon sakinlərinin Milli.Az xəbər portalına ünvanladıqları məktubda bildirilir ki, son iki gün ərzində Kürün səviyyəsi daha da artaraq təhlükəli həddə çatıb. Rayonun Qoruqbağ və Sarıqaya kəndləri su altında qalma təlükəsi ilə üzləşib. Bunu nəzərə alaraq Qoruqbağ ve Sarıqaya kəndlərində əhaliyə icra nümayəndəliyi xəbərdarlıq edib. Bundan əlavə, həmin kəndlərin məktəblərində tədris yarımçıq saxlanılıb, sagirdlər evə buraxılıb, onlara sabah da dərsə gəlməmək tövsiyə olunub. Əhali təşviş içərisindədir, sakinlər ev əşyalarını toplayır.

Zərdab rayon Fövqəladə hallar komissiyasının sədri Allahverdi Səfərov Milli.Az xəbər portalına açıqlamasında bildirdi ki, rayonun 80%-i su altındadır. Onun sözlərinə görə, ümumilikdə 20-dək kəndi su basıb, 600-ə qədər ev qəzalı vəziyyətə düşüb, 30-dək evin köçürülməsi planlaşdırılır. Fövqəladə Hallar Nazirliyi 71 evin sökülməsi barədə akt tərtib edib. Suyun ərazini basması nəticəsində əhalinin içməli su ilə təminatı dayanıb, rabitə sistemində problemlər yaranıb.
Komissiya sədri əlavə etdi ki, fəlakət nəticəsində 2 min hektar taxıl sahəsi tamamilə su altında qalıb. Rayon mərkəzində 6 ev uçub ki, həmin evlərin sakinləri evakuasiya olunub. Rayon ərazisində çadırlar qurulub. A.Səfərov Kürün səviyyəsi qalxdığından vəziyyəti qorxulu kimi qiymətləndirdi.

O, sonda qeyd etdi ki, hazırda daxili imkanlar hesabına fəlakətin qarşısını almağa çalışırlar. Bunun üçün 100-dən artıq nasos vasitəsilə su kollektora axıdılır.

Anar Məmmədov
Milli.Az