İran ayətullası azərbaycanlıları təhqir etdi - VİDEO

20 Sentyabr 2021 10:59

İranın ali dini rəhbəri ayətulah Seyid Əli Xamneyinin Ərdəbil vilayəti üzrə nümayəndəsi ayətulla Seyid Həsən Amili Azərbaycan, Türkiyə və Pakistan hərbçilərinin birgə təlimlər keçirməsinə münasibət bildirib.

Amili Ərdəbilin cümə namazı xütbələrində deyib ki, "hər bir ölkənin istədiyi tərəfdaşı ilə birgə hərbi təlimlər keçirməsi onun suveren hüququdur, lakin son təlimlərin hansı kontekstdə təşkil olunması narahatlıq doğurur: "Belə ki, təlimlər ərəfəsində Türkiyə hakimiyyətinə yaxın "Yeni Şafak" qəzetinin Azərbaycan Milli Məclisinin üzvü ilə müsahibə aparıb həmin müsahibəyə "İran xəritədən silinəcək" başlığını seçməsi təəssüf doğurur".

İmam cümə qeyd edib ki, sən demə, "bununla da nə Türkiyə, nə də Azərbaycan qonşuluq haqqını yerinə yetirdilər".

"Ona görə də İran Milli Təhlükəsizlik Ali Şurası Arazın bu tayında silahlı qüvvələrin güc nümayiş etdirməsinə icazə verməlidir. İcazə verilməlidir ki, SEPAH sərhədlər boyunca təlimlər keçirsin, kimin kim olduğunu, gücümüzü onlara göstərsin. Desin ki, "Şirin quyruğu ilə oynama!"", - S.Amili söyləyib.

Bununla da kifayətlənməyən Seyid Həsən Amili "Yeni Şafak"a müsahibə vermiş azərbaycanlı millət vəkilini təhqir edib: "Bilirəm, İsrailin Azərbaycandakı səfiri dediklərimi eşidəcək, görəcək. Səfirə deyirəm: o yazıq deputatın pulunu çox elə. Çünki mənliyini, heysiyyatını, şərəfini, azadlığını, ləyaqətini İsrailin puluna qurban verib. O yazıqdır, ona yaxşı pul ver!"

Ayətulla Amilinin bəhs etdiyi, guya "Yeni Şafak"da dərc olunmuş müsahibə isə feykdir və İrandakı anti-Azərbaycan qüvvələrin indiki isteriyasının başlanması üçün triqqer rolunu oynayıb.

Ayətulla Amilinin çıxışı İranın "İslam İnqilabı Keşikçiləri Korpusu"nun (SEPAH) hissələrinin Azərbaycanla sərhəd bölgələrdə hərbi təlimlərə qatılmasının "qanuniləşdirilməsi" üçün əsaslardan biri olub.

Orxan Hun
Milli.Az