Elin Süleymanov Londonda yaşayan azərbaycanlılarla görüşüb

19 Sentyabr 2021 21:09

Azərbaycanın Britaniyaya yeni təyin olunan səfiri Elin Süleymanov Londonda yaşayan Azərbaycanlılarla görüş keçirib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, görüşə Azərbaycanın Britaniyadakı diplomatik korpusunun üzvləri, Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, deputat Cavanşir Feyziyev, Britaniyadakı Azərbaycan və Türk icmasının üzvləri qatılıblar.

Səfir Elin Süleymanov ötən il ərzində Azərbaycanın çətin zamanlarında ölkəmizə dəstək olan icma üzvlərinə, Azərbaycanın üzləşdiyi problemlərin Britaniyada tanıdılmasında rol oynayan hər bir azərbaycanlıya təşəkkür edib.

Elin Süleymanov bildirib ki, bu gün qazilərimizin, şəhidlərimizin, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında torpaqlarımız azad olunub. O, Azərbaycanın iqtisadi inkişafından, beynəlxalq uğurlarından danışıb, Bakının dünyanın ən gözəl şəhərlərindən biri olduğunu qeyd edib.

Səfir Britaniyadakı Türk icmasının aktivliyindən də danışıb, onlara ölkəmizə göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib.

Cavanşir Feyziyev Britaniyadakı hər bir azərbaycanlının ölkəmizin səfiri olduğunu qeyd edib və Azərbaycanın tanıdılmasında göstərdikləri dəstəyin önəmindən danışıb.

Daha sonra Britaniyadakı Azərbaycan evinin rəhbəri Ali Tekin Atalar çıxış edib. O, Britaniyadakı azərbaycanlıların illər ərzində göstərdiyi fəaliyyətlərindən danışıb.

Milli.Az