Ermənistanın iki vətəndaşı Azərbaycan ərazisinə keçib

19 Sentyabr 2021 14:24

Sentyabrın 18-də saat 21:00-da Ermənistanın Kotayk bölgəsinin Kasax icmasının iki sakini Gorus-Vorotan yolu boyunca hərəkət edərkən magistraldan çıxıblar və Azərbaycanın nəzarəti altında olan əraziyə keçiblər.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, hazırda Ermənistan MTX və Rusiya Federal Təhlükəsizlik Xidməti əməkdaşları onların tapılması istiqamətində iş aparır.

Kasax icmasının rəhbəri Ara Mkrtçyan bildirib ki, yolunu azanlar ordudan yenicə tərxis olunmuş 2 gəncdir və onlar əsgər yoldaşlarını ziyarət etmək istəyərkən Azərbaycan ərazisinə keçiblər.

Axtarışların nəticəsi barədə əlavə məlumatın veriləcəyi qeyd olunur.

Milli.Az