Tərtərdə yeni nasos stansiyası tikilir - VİDEO

18 Sentyabr 2021 11:42

Bu yolla suvarma ilə əlaqədar problemlər həll olunacaq

Milli.Az REAL TV-yə istinadən bildirir ki, Tərtər rayonunda hazırda yeni nasos stansiya tikilir. Stansiyanın tikintisi yekunlaşdıqdan sonra bina daxilində quraşdırılacaq nasoslar vasitəsi ilə kanaldan götürülən su ətrafda yerləşən əkin sahələrinə çatdırılacaq. Beləliklə, əvvəllər əkilən bitkilərin suvarılmasında yaşanan problem aradan qalxacaq. Bu vaxta qədər rayonda əkilən bitkilərin böyük bir hissəsinin suvarılması yekunlaşıb. Yerdə qalan sahələrdə isə son suvarılma işləri aparılır.

Növbəti ildə əkiləcək kənd təsərrüfatı bitkiləri yeni nasos stansiya vasitəsi ilə suvarıla biləcək. Bunun üçün stansiyadan kəndə yeni boru xətti də çəkilib. Sarov kənd sakinləri və kənddə əkin aparan fermerlər artıq suvarma problemlərinin aradan qalxdığını bildirirlər.

Ümumilikdə Tərtər Suvarma Sistemləri İdarəsi 29 min hektardan artıq torpaq sahəsinin suvarılmasını həyata keçirir ki, bu sahələr mənbə olaraq İncə çay, Tərtər çay və Qarabağ kanalı vasitəsi ilə qidalanır. Bu il hər üç su mənbəyi vasitəsilə suvarılan əkin sahələrinin suvarılması mütəşəkkil aparılıb.

İdarə tərəfindən suvarmanın fasiləsiz və itkisiz aparılması üçün cari ildə torpaq məcralı kanallarda lildən təmizləmə işləri görülüb ki, bu işlər indi də davam etdirilir. Suvarmanın yekunlaşdığı ərazilərdə isə kanallar kol-kosdan təmizlənir.

Milli.Az