Salyan şəhərində, rayonun Çuxanlı, Babazənən, Qaraçala və digər kəndlərində 500-dək fərdi evin həyətini qrunt suları basıb. Bəzi yerlərdə suyun səviyyəsi 50-60 santimetrə çatıb.
Yaranmış ekoloji gərginliyin aradan qaldırılması üçün bölgəyə Fövqəladə Hallar Nazirliyinin əlavə mobil qüvvəsi gətirilib. Daşqın zolağında 10-a yaxın iritutumlu su nasosu fasiləsiz işləyir. Artıq 200-dək həyət və məhəllə qrunt suyundan təmizlənib.
Rayon fövqəladə hallar komissiyasının məlumatına görə, daşqın nəticəsində kərpicdən tikilmiş 5 ev uçub, 30-dan artıq ev qəzalı vəziyyətə düşüb, 200 hektaradək əkin sahəsi ziyan çəkib. Yerli icra orqanları əhalinin, idarə və müəssisələrin imkanlarını daşqının törətdiyi fəsadların aradan qaldırılmasına yönəldib. Həyətlərdə sakinlərə məxsus 200-dək su nasosu işə salınıb. "Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyətinin yerli bölmələri sahil bəndlərinə nəzarəti gücləndirərək 2 min metrlik məsafədə əlavə sahilbərkitmə tədbirləri görüblər.