Rusiya İdlibə hücum etdi - VİDEO - FOTO

16 Sentyabr 2021 13:17

Rusiyanın Hava-Kosmik Qüvvələrinin təyyarələri Suriyanın İdlib vilayətinldəki Həmama, Məzra və Zərzur yaşayış məntəqələrinə raket-bomba zərbələri endiriblər.

Həmin yaşayış mənqtəqələri İdlibdəki deeskalasiya zonasında yerləşir.

Suriyalı müxalifətçilərin verdikləri məlumatlara görə, İdlibə hücumda Rusiya 3 hərbi təyyarədən istifadə edib. Təyyarələr Latakiya bölgəsindəki Hmeymimdəki aviabazadan havaya qalxıblar.

Rusiyanın hərbi bazası olan həmin aerodromdan səmaya qalxan təyyarələr İdlibdə hədəf seçdikləri mövqelərə və binalara qarşı 15 aviareyd gerçəkləşdiriblər.

Zurzur kəndinə hücum zamanı Türkiyənin qeyri-hökumət təşkilatının yetim və kimsəsiz uşaqlar üçün inşa etdiyi binalar hədəf seçilib. Bombalardan biri binalar kompleksinin 100 metrliyinə düşüb.

Həlak olanlar və yaralılar barədə hələlik məlumatlar yoxdur.

Maraqlıdır ki, Rusiyanın İdlibə hücumu Suriya prezidenti Bəşər Əsədin Moskvaya qəfil rəsmi səfərindən sonra başlayıb. Bu səfərlə bağlı istər Dəməşq, istərsə də Moskvadakı rəsmi mənbələr heç bir ilkin rəsmi məlumat verməmişdilər.

Kremldə bağlı qapılar arxasında keçirilmiş danışıqların məzmunu barədə də heç bir rəsmi məlumat verilməyib.

Lakin Dəməşqdəki hakimiyyətdən sızdırılan xəbərlərə görə, Bəşər Əsəd İdlibdəki strateji əhəmiyyətli M-4 avtomobil yoluna nəzarətlə bağlı Türkiyəni üzərinə götürdüyü öhdəliklərə riayət etməməkdə suçlayıb.

Rusiyanın təyyarələri Suriya-Türkiyə sərhədinin bilavasitə yaxınlığında əməliyyatı gerçəkləşdiriblər. Təyyarələrdən birinin sərhədi pozaraq, Türkiyənin hava məkanında 10-15 saniyə hərəkət etdiyi də vurğulanır.

Bu səbəbdən Türkiyə Hərbi-Hava Qüvvələrinin İncirlik aviabazasından səmaya qalxan F-16 qırıcıları olay bölgəsinə uçublar.

Xatırladaq ki, 2017-ci ilin mayın 4-5-də Qazaxıstanın Astana şəhərində keçirilmiş görüş əsasında Suriyada 4 deeskalasiya zonasının yaradılması barədə razılıq əldə olunmuşdu.

Zonalar paytat Dəməşqin həndəvərindəki Şərqi Qutada, Homs vilayətində, İblibdə, habelə Latakiya, Həma və Hələb vilayətlərinin bir qismində idi.

Həmin zonalardan 3-nün olduğu ərazilər sonradan Bəşər Əsəd rejiminin nəzarətinə keçib.

Bu ilin martın 5-də isə Türkiyə və Rusiya İdliblə bağlı yeni anlaşma imzalayıblar.

2017-2020-ci illərdə Bəşər Əsəd rejiminin qoşunlarının hücumları nəticəsində təqribən 2 milyon dinc suriyalı ev-eşiklərini tərk edərək Türkiyə ilə həmsərhəd bölgələrə qaçıblar.

Orxan Hun
Milli.Az