Zəngəzurda İran-Rusiya "savaş"ı başlandı - VİDEO - FOTO

16 Sentyabr 2021 12:43

Ermənistanda Gorus-Qafan yoluna alternativ marşrut sayılan Tatev-Qafan yolunun çəkilişi hələ də davam edir. Baş nazir Nikol Paşinyanın "yol bu ilin payızında istifadəyə veriləcək" vədinə rəğmən, inşanın başa çatmasına hələ çox var.

Daha doğrusu, Ağvan kəndindən keçəcək yolun nə zaman istismara hazır olacağını Ermənistanda deyəsən, kimsə bilmir.

Tatef-Qafan yolunu Ermənistan rəhbərliyi hazırda Azərbaycanla dövlət sərhədinin yaxınlığından keçən mövcud yola tam alternativ hesab edir və rəsmi təbliğat da bunu vurğulayır.

Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin açıqlamasına görə, ümumi uzunluğu 68 km olan yolun 43 kilometrlik hissəsi tam təmir edilməli, daha doğrusu, yenidən salınmalıdır. Həmin hissənin ilk 12,5 kilometrinin təmiri hələ ötən il başlanmışdı. 17,5 kilometrlik hissənin bərpasına isə 2,780 milyard dram ayrılıb.

Ermənilər bu yolun mümkün qədər tez istifadəyə verilməsini tələb etsələr də, dövlət büdcəsində vəsait olmadığından işlər faktiki olaraq dayanıb. Rəsmi İrəvan Tatev-Qafan yolu ilə bağlı maliyyə problemini həll etmək üçün Avropa Birliyinə müraciət etmək niyyətindədir.

Bu arada Gorus-Qafan yolunun Azərbaycan ərazisindən keçən 21 kilometrlik hissəsində İran İslam Respublikasının vətəndaşlarının idarə etdikləri ağırtonnajlı yük avtomobilləri ilə yanaşı, ermənilərin maşınlarının da yoxlanmasına başlanıb.

Səbəb İrandan gələn avtomobillərlə Azərbaycana, Xankəndinə qanunsuz olaraq yüklərin, xüsusilə yanacağın qanunsuz, az qala qaçaq yolla daşınmasıdır.

Məhz bu səbəbdən son günlərdə müzakirə olunan gündəm məsələlərdən biri də rəsmi Bakının icazəsi olmadan İrandan Qarabağa qanunsuz yüklərin daşınmasıdır.

Azərbaycan tərəfi bununla bağlı artıq ciddi tədbirlər görür.

Dünən İrandan gələn iki yük maşınının sürücüləri qanunsuz yollarla Azərbaycan ərazisinə daxil olduqları üçün saxlanılıblar.

DİN-in yaydığı məlumata görə, Ermənistan ərazisindən yük daşımaq məqsədilə qanunsuz yollarla Azərbaycan ərazisinə keçən avtomobillər Daxili İşlər Nazirliyinin, Dövlət Gömrük Komitəsinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıblar. Həmin avtomobillərin sürücüləri barəsində Azərbaycan Respublikasının qanunlarına uyğun müvafiq tədbirlər görüləcək.

Yükdaşıma ilə bağlı İran tərəfinin sürücülərə verdiyi göndəriş vərəqələrinin fotoları da sosial şəbəkələrdə paylaşılıb və geniş müzakirəyə olub.

Belə ki, həmin sənəddə Azərbaycanın ərazi bötövlüyünə qarşı təxribat edilib, vərəqdə "Xankəndi, Azərbaycan" yazılmaq əvəzində, "Stepanakert, Armenia" qeyd olunub. Bu da istənilən halda azərbaycanlı sosial şəbəkə istifadəçilərinin ciddi narazılığı ilə nəticələnib.

Azərbaycana gömrük rüsumları ödəmək istəməyən İran hazırda Ermənistan üçün xüsusi bir yol çəkməyə hazırlaşır.

İran mətbuatı Norduz gömrük idarəsinin direktoruna istinadən yazır: "Azərbaycan Respublikası İran-Ermənistan tranzit sürücülərindən milyonlarla tümən yol haqqı toplayır. Biz bu problemi həll etmək üçün Ermənistana yeni bir yol çəkəcəyik".

Ermənistanın Baş naziri Nikol Paşinyan isə dünən ölkə parlamentindəki çıxışında Gorus-Qafan yolunun Azərbaycan ərazisindən keçən hissəsində İrana məxsus yük maşınlarının Azərbaycan polisi tərəfindən yoxlanılması ilə bağlı açıqlama verib.

Paşinyan 2020-ci ilin dekabrında Ermənistan Silahlı Qüvvələrinin Sovet Ermənistanından miras qalmış sərhədlərə çəkildiyini bildirib:

"Ermənistan-Azərbaycan sərhədi boyu baş verən hadisələrin bir çox məqamı var və onları düzgün başa düşmək vacibdir. Ermənistan Silahlı Qüvvələri Sovet Ermənistanından miras qalmış sərhədlərə çəkilib. Bu hissədə Goris-Kafan yolu iki yerdə Ermənistan Respublikasının və ya keçmiş Sovet Ermənistanının hüdudlarından kənara çıxır. Məhz bu vəziyyət səbəbindən bizə tanış olan trafaretlər və məntəqələr məlum bölgələrdə ortaya çıxıb".

Ermənistanın baş naziri dekabrda bu yolun nəqliyyat vasitələri tərəfindən sərbəst şəkildə istifadə edilməsi və yüklərin tranziti üçün razılıq əldə edildiyini xatırladıb: "Düşünürəm ki, müqavilənin mətnində xaricdən gələn malların keçidi ilə bağlı heç bir bənd olmadığı üçün, Azərbaycan bu mexanizmi tətbiq edir".

Ermənistanda Gorus-Qafan yolunda yaşananlar ilk baxışdan göründüyü kimi, sadəcə, Bakı ilə İrəvan arasındakı problem deyil. Miqyas daha böyükdür, çüki faktiki olaraq Rusiya ilə İran arasında geosiyasi qarşıdurma hazırda iqtisadi müstəviyə də sirayət edib.

Belə ki, Gorus-Qafan yolu ilə bağlı Bakı ilə Moskvanın mövqeləri, nə qədər paradoksal olsa da, üst-üstə düşür.

Nikol Paşinyan hakimiyyətə gələnədək Ermənistanın yanacaq bazarı bütünlüklə Rusiyanın və ya Rusiya şirkətlərinin pay sahibi olduğu erməni şirkətlərinin nəzarətində idi.

Baş nazir postuna yiyələndən sonra Nikol Paşinyanın birbaşa göstərişi əsasında Rusiyanın sözügedən bazardakı inhisarçı mövqelərinə son qoyuldu, Ermənistana yanacaq idxal edən şirkətlərin sayı 3-dən 10-a çatdı. Beləliklə, əgər 2019-cu ildə Ermənistanda istehlak olunan yanacağın 95 faizi Rusiyadan alınırdısa, 2020-ci ildə bu rəqəm 80 faizə endi. 2021-ci ilin əvvəlindən bəri isə Ermənistanda yanacağa tələbatın əksər hissəsi İran İslam Respubliksından satınalmalar hesabına ödənir.

Ermənistanın İrandan aldığı Ai-92 markalı benzinin 1 litri 230 dramdır. Məhz bu səbəbdən ilin əvvəlində və ortalarında Ermənistanda benzinin satış qiymətləri aşağı düşdü. Halbuki dünya bazarlarında benzinin satış qiymətləri artır.

Nikol Paşinyan Ermənistan bazarında İrandan alınan benzin və digər yanacağın həcmini artırmaqla Rusiya şirkətlərinin payını azaldaraq onların mövqelərini zəiflədir. Halbuki məhz yanacaq Rusiyanın Ermənistana təzyiq vasitələrindən biridir.

İndi Ermənistanda yanacaq-sürtgü materiallarının qiyməti Rusiyadan ucuzdur. Məsələn, Ai-92 markalı benzinin 1 litri ermənistanda 0,38-0,44 dollara satılırsa, Rusiyada bu qiymət 0,56 dollardır.

Beləliklə, Rusiya şirkətlərinin Ermənistanda hansı itkilərlə üzləşdiklərini təxminləmək çətin deyil.

Xatırladaq ki, 6 il əvvəl, 2015-ci ildə İrəvanda elektroenerji tariflərinin artımına qarşı genişmiqyaslı etiraz aksiyaları keçirilmişdi. Məhz həmin aksiyalardan sonra Rusiya Ermənistandakı elektrik şəbəkələrinə nəzarəti itirmişdi.

Moskva altı il əvvəlki olayların indi başqa formatda və müstəvidə təkrarlanmasını istəmir.

Elçin Alıoğlu
Milli.Az