Paşinyan Eyvazlı və Çayzəmi kəndlərinin Azərbaycana məxsus olduğunu bir daha etiraf edib

15 Sentyabr 2021 18:14

Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı Eyvazlı və Çayzəmi kəndlərinin Azərbaycana məxsus olduğunu bir daha etiraf edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Gorus-Qafan yolunda İran yük maşınlarının Azərbaycan polisi tərəfindən yoxlanılması məsələsi barədə sualı cavablandırarkən deyib:

"Bu kəndlərin adlarını azərbaycanca adlandırmağımın sadə səbəbi var. Mən bunu ona görə etdim ki, Ermənistan vətəndaşlarına bu məsələ aydın olsun: adı çəkilən kəndlər Ermənistan Respublikasının və ya Sovet Ermənistanının ərazisində deyil. Ermənistan Respublikası bunu 2010-cu il inziibati bölgü haqqında qanunla de-yure tanıyıb".

Xatırladaq ki, avqustun 27-də Ermənistanın baş naziri Nikol Paşinyan hökumət iclasındakı çıxışında Azərbaycan toponimlərindən istifadə etmişdi. "Eyvazlı və Çayzəmi hissələrində yolun açılması regional sabitliyin çox yaxşı simvoluna çevrilə bilər" - deyə, bildirmişdi.

Milli.Az