Benzin bahalaşarsa, bu, avtomobil bazarına necə təsir edəcək? - Ekspert

15 Sentyabr 2021 18:24

"Mövcud vəziyyət ölkəyə daha çox hibrid maşını və elektromobillərin gətirilməsinə rəvac verə bilər. Amma bunun üçün onlara münasibətdə güzəştlər olmalı, 15 faizlik rüsum aradan götürülməlidir".

Milli.Az xəbər verir ki, bunu qaynarinfo-ya açıqlamasında avtomobil eksperti Elməddin Muradlı beynəlxalq bazarda məhsulun dəyərinə təsir edən amillər səbəbindən Azərbaycanda "Aİ-95" və "Aİ-98" markalı benzinin qiymətində baş verəcəyi gözlənilən dəyişikliyin avtomobil bazarına təsirindən danışarkən deyib.

Onun sözlərinə görə, yanacağın qiymətində ediləcək dəyişiklik əhali arasında müasir tipli avtomobillərə marağı azaldacaq:

"Azərbaycanda ətraf mühitin çirklənməsinin qarşısını almaq üçün avtomobil parkının yenilənməsi, köhnə maşınlardan yaxa qurtarmaq vacibdir. Aİ-95 markalı benzinlə işləyən avtomobillər avro-5, avro-6 standartına cavab verən avtomobillərdir. Lakin qiymət dəyişikliyi fonunda bu tip maşınlara maraq azalacaq". 

Belə vəziyyətdə həmsöhbətimizə görə, normal halda elektromobillərə və hibrid avtomobillərə maraq artmalıdır. Lakin E. Muradlı düşünür ki, alternativ variant olmadığından bu da baş verməyəcək: 

"Elektromobil və hibrid avtomobillərin gətirilməsi zamanı güzəştlər olsaydı, mövcud vəziyyətdə həmin növ maşınlara meyl artacaqdı. Bu gün Azərbaycanda hibrid avtomobillərə heç bir güzəşt yoxdur. Elektromobillərə gəldikdə isə maşının dəyərinin 15 faizi miqdarında rüsum tələb olunur. Hökumət bu məsələni həll etsə, rüsumu aradan qaldırsa, mövcud vəziyyət ölkəyə daha çox hibrid maşını və elektromobillərin gətirilməsinə rəvac verə bilər. Qeyd edim ki, hibrid avtomobillər sürücünü 50 faiz, elektromobillər isə 100 faiz yanacaq asılılığından xilas edir. Gürcüstan hibrid avtomobillərə güzəşt tətbiq etdiyindən onun gətirdiyi eyni modelin qiyməti Azərbaycanla müqayisədə 6 min dollar ucuz başa gəlir".

Milli.Az