Avstriyada pandemiyaya qarşı mübarizə çərçivəsində bir sıra məhdudiyyətlər qüvvəyə minib

15 Sentyabr 2021 22:04

Koronavirus pandemiyasına qarşı mübarizə çərçivəsində sentyabrın 15-dən etibarən Avstriyada bir sıra məhdudiyyətlər qüvvəyə minib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, məhdudiyyətlərin səviyyəsi ölkədəki xəstəxanaların reanimasiya şöbələrində xəstələrin sayına əsasən dəyişəcək.

Yeni qaydalara əsasən, IgG anticisim kəmiyyət testlərinin cavabının keçərlilik müddəti 48 saatdan 24 saata, PCR testlərinin cavabı isə 72 saatdan 48 saata dəyişirilib. Qapalı məkan və ictimai nəqliyyatda sadə tibbi maska öhdəliyini isə FFP2 tipli xüsusi filtrli maska öhdəliyi əvəz edib. 25 nəfərdən artıq şəxsin iştirak etdiyi kütləvi tədbirlərdə xəstəlikdən sağalma arayışı, test və ya peyvənd sertifikatı mütləq şəkildə təqdim olunmalıdır. Qeyd edilib ki, bu qayda məhdudiyyətlərin birinci pilləsi, yəni 200-dək çarpayının COVID-19 xəstələri üçün ayrıldığı indiki mərhələ üçün qüvvədə olacaq.

Reanimasiya şöbələrində yaxın həftələrdə xəstələrinin sayının artacağı təqdirdə məhdudiyyətlərin sərtləşdiriləcəyi gözlənilir.

Milli.Az