Pandemiya nə vaxtsa bitəcək, lakin COVID-19 infeksiyası tamamilə ləğv olmayacaq

15 Sentyabr 2021 23:55

Adətən payız-qış aylarında mövsümi xəstəliklər artır, respirator viruslar çoxalır. Yeni növ koronavirus (COVID-19) infeksiyası yayılandan sonra da bəzən onun yayda azalacağı güman edilirdi. Lakin həmin proqnozlar özünü doğrultmadı.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının müəllimi, tibb üzrə fəlsəfə doktoru Vüqar Cavadzadə yeni növ koronavirus infeksiyasının fəsillərlə əlaqəsinin olub-olmaması barədə danışaraq deyib: "Əvvəlcə onu qeyd etmək istəyirəm ki, bir sıra infeksiyalar mövsümü xarakter daşıyır. Tutaq ki, illərlə öyrəşdiyimiz qrip və digər respirator infeksiyalar həmişə payız-qış aylarında daha çox müşahidə olunub. Təbii ki, bunun səbəbləri var: havaların soyuması ilə əlaqədar olaraq immun sisteminin aşağı düşməsi, virusun yoluxuculuq qabiliyyətinin artması infeksion xəstəliklərin yüksəlməsinə səbəb olub. 2019-cu ilə qədər koronavirus infeksiyası mövsümi xəstəliklər qrupuna aid edilirdi. COVID-19 infeksiyası baş qaldırandan sonra həmin versiya bir qədər kənarda qaldı. Ölkəmizdə ona ilk dəfə həmin ilin fevralında rast gəlindi. Belə bir fikir mövcud idi ki, yay aylarında bu infeksiyadan qurtulmaq mümkün olacaq və yaxud azalma müşahidə ediləcək. Lakin tam əksinə oldu. Keçən yay COVID infeksiyası qış aylarından daha yüksək oldu. Qış mövsümündə yenidən noyabr-dekabr aylarında artım müşahidə edildi və builki yayda yenə də yüksək yoluxma müşahidə edildi. Hətta yoluxma sayı avqust ayında 4-4, 5 min civarında olurdu. Yəni ona düşündüyümüz kimi mövsümü yox, ilboyu rast gəlmək mümkündür. Hətta yay aylarında COVID -19 infeksiyası bəzi qış aylarına nisbətən daha çox müşahidə edildi. Hazırda yoluxma statistikası azalmağa doğru gedir, avqust ayı ilə müqayisədə iki dəfə azalıb. Lakin infeksiya hələ aramızdan çəkilib getməyib. Onu da qeyd etmək istəyirəm ki, qarşıdan soyuq aylar gəlir. Həmin aylarda bir neçə amillər var ki, infeksiyanın yenidən artıb çoxalmasına zəmin yaradacaq".

Həkim-infeksionist qeyd edib ki, payız-qış mövsümündə havaların soyuması ilə əlaqədar olaraq daha çox qapalı məkanlara üz tutulur: "Yay aylarında daha çox açıq havada vaxt keçirir, qışda isə bunun əksinə olaraq qapalı məkanlara üz tuturlar. Bu da həmin məkanlarda sıxlığın yaranmasına və hava-damcı yolu ilə ötürülən bir sıra infeksiyaların artmasına səbəb olur. Digər tərəfdən qış aylarında vitaminli, zülallı, minerallı qidaların azlığı immun sisteminin yüksək səviyyədə olmasına mane olur. Məlum olduğu kimi, immun sisteminin yüksək olmasında meyvələr böyük rol oynayır. Qış aylarında meyvə-tərəvəzlər təzə olmur və yay aylarından saxlanılan meyvələrin vitamin dəyəri aşağı düşür. Nəticədə immun sistemi aşağı düşür, eyni zamanda hava-damcı infeksiyalarının, o cümlədən COVID-ə yoluxmasına zəmin yaranır.

Yoluxmaların artıb-azalması sırf bioloji amillərlə əlaqədardır. Hər bir infeksiyanın mənbəyi, epidemik alovlanma dövrü olur. Epidemik alovlanma pik nöqtəyə çatandan sonra sönmə dövrü başlayır. Epidemiyanın bu xüsusiyyətinə görə onu dalğavarı adlandırırlar. Yaxud da hər bir pandemik infeksiyanın baş qaldırdığı kimi nə vaxtsa sönməsi də olur. COVID-19 infeksiyası da hazırda pandemiya dövründədir, müəyyən zamandan sonra sönərək pandemik vəziyyətdən çıxacaq. Pandemiya ləğv olunacaq, lakin bu o demək deyil ki, COVID-19 infeksiyası tamamilə təmizlənərək sıfıra düşəcək. Belə bir ehtimal, əlbəttə ki, yoxdur. Koronavirus infeksiyasının ümumilikdə 40-dan artıq növü var və insan orqanizmində altı növ xəstəlik törədir, yeddinci növ də COVID-19-dur. COVID-19-un tamamilə yoxa cıxacağını və yaxud olmayacağını düşünmək olmaz. Lakin bu infeksiya azalacaq, hər il, hər fəsil xəstələnmə halları müşahidə ediləcək, insanlar dəfələrlə bu xəstəliyi keçirəcək, onlarda immunitet yaranacaq və zaman keçdikcə adi bir xəstəliyə çevriləcək. İndən sonra da risk qrupuna daxil olanlar arasında ölüm hallarına təbii ki, rast gəlinəcək. Zaman keçsə də, bu xəstəlik immun sistemi zəif və yanaşı xəstəlikləri olanlar üçün ağır keçəcək və təəssüf ki, mənfi nəticələr də verəcək".

COVID-19 yayılandan sonra zökəm, qrip və digər infeksiyaların sanki arxa plana keçməsi barədə deyib: "Bunun çox sadə səbəbi və izahı var. COVID-19 yayılandan qış aylarında hava-damcı yolu ilə yayılan qrip və digər kəskin respirator infeksiyaları, uşaqlar arasında virus mənşəli qızılca, suçiçəyi, parotit, məxmərək kimi xəstəliklər baş qaldırmır. Həmin infeksiyalar hava-damcı infeksiyaları qrupuna aiddir, onların hamısının profilaktikasında əsas məsələ maskanın taxılmasıdır. COVID-19-dan qorunmaqla insanlar eyni zamanda qrip və digər kəskin respirator infeksiyalarından da qorunmuş olurlar. Ona görə də ötən qış mövsümü ərzində demək olar ki, qrip və digər respirator infeksiyalar müşahidə edilmədi. İnsanlar ilboyu maska taxmaqla yanaşı gigiyenik qaydalara da əməl etmək sayəsində həmin infeksiyalardan uzaq oldular, yəni COVID-19 infeksiyası ilə həmin infeksiyaların profilaktikası eynidir".

O, xəstəliyin başlıca əlamətləri barədə də məlumat verib: "Qrip infeksiyasına havaların soyuq olduğu dövrdə rast gəlinir. Qış aylarında COVID və qrip, digər respirator infeksiyaları ayırd etmək çox çətindir. Xüsusən xəstəliyin başlanğıc dövründə onları fərqləndirmək lap çətindir. 37, 2 dərəcə temperatur, əzələ, baş ağırları ümumi əlamətlərdir və bununla tibdə heç vaxt diaqnoz qoyulmur. Spesifik əlamətlər dövründə hər bir infeksiyaya məxsus olan patoqonomik əlamətlərə görə onları ayırmaq və diaqnoz qoymaq olar. Ən dəqiq diaqnoz qoymaq üçün PZR testindən istifadə olunur. Lakin bir sıra əlamətlər var ki, qriplə koronavirusu ayırmaq mümkündür. Məsələn, qrip infeksiyasında heç vaxt dad və iybilmə itmir, COVID infeksiyasında isə bu, əsas əlamətlərdən biridir. Qrip zamanı burunun selikli qişasının həddən artıq ödemləşməsi baş verir və buna görə iy hiss etməmək olur. COVID-19-da isə burunda iybilmə və ağızda dadbilmə reseptorlarında baş verən dəyişikliklər ilə əlaqədar olur. Onun bərpası bəzi xəstələrdə iki-üç ayadək davam edir".

Milli.Az