Rüşvətxorluğa qarşı savaş güclənir - Növbəti XƏBƏRDARLIQ

15 Sentyabr 2021 12:21

Korrupsiya və rüşvətxorluq halları bütün ölkələrdə var. Əsas məsələ odur ki, dövlət və hökumət bu məsələlərə hansı prizmadan yanaşır. Xüsusən son illər Azərbaycanda bu məsələlərə dözümlülük sıfır səviyyəsindədir. Son atılan addımlar, verilən qərarlar da bunun bariz nümunəsidir. Təkcə yerli icra orqanlarının rəhbərlərinin yox, eyni zamanda, mərkəzi icra orqanlarının rəhbərlərinin də məsuliyyətə cəlb edilmələri halları son illərin ən çox müşahidə edilən hadisələrindəndir. Ən diqqətçəkən məqam isə odur ki, bu hallar dövlətin istəyi ilə ictimailləşdirilir. Prezident İlham Əliyevin yeni məmurların vəzifələrə təyinatı ilə bağlı tövsiyələrinin ictimaiyyətin diqqətinə çatdırılması isə korrupsiya və rüşvətxorluğa qarşı mübarizə metodunun tərkib hissəsinə çevrilib. 

Korrupsiya və rüşvətxorluğa qarşı mübarizə Azərbaycanda sözdə yox, əməldə aparılır və dövlət başçısı buna qarşı bağışlanmaz mövqeyi ilə diqqət çəkir. Bu da, son vaxtlar ictimai nəzarət mexanizminin daha da mütəşəkkil forma alması hallarını artırıb. 

Korrupsiyaya qarşı mübarizə məqsədilə dövlət orqanlarında daxili nəzarət qurumlarının təkmilləşdirilməsi, onların maddi-texniki bazalarının gücləndirilməsi istiqamətində görülən işlər deyilənlərin əyani sübutudur. Şəxslərin bu orqanlara birbaşa müraciət etməsi üçün imkanlar yaradılması və onların qərar qəbuletmə prosesinin daha operativ olması üçün, ictimaiyyətlə əlaqələrin gücləndirilməsi məqsədilə qaynar xətlərin və qaynar xətlərə daxil olan məlumatlarla əlaqədar operativ tədbirlər görülməsi sisteminin yaradılması Azərbaycan Prezidentinin (2007-ci il 28 iyul tarixli) Sərəncamı ilə təsdiq edilmiş "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə milli strategiya"nın ayrılmaz hissələrindən biridir.

Dövlət başçısının ötən gün Sərəncamı ilə Cəlilabad və Şəmkir rayonlarına yeni icra başçılarını təyin etməsi ilə əlaqədar onları videoformatda qəbul edərkən səsləndirdiyi fikirlər bir daha Prezident səviyyəsində ölkədə korrupsiya və rüşvətxorluq hallarına qarşı barışmaz mövqenin bundan sonra da davam etdiriləcəyi diqqətə çatdırıldı. Ölkə başçısı "Cəlilabad və Şəmkir rayonlarına icra başçıları təyin olunarkən onlara göstəriş vermişdim ki, siz artıq yerdə qalan məsələləri həll edin. Əsas böyük işlər görülüb, çox gözəl zəmin yaradılıb. Siz isə gündəlik həyatda elə işləyin, elə çalışın ki, həm vətəndaşlar sizdən razı olsunlar, həm də rayonların inkişafı sürətlə getsin və təşəbbüs göstərin, investorları cəlb edin, sahibkarlara şərait yaradın. Ancaq əfsuslar olsun ki, real həyatda biz bunun tam əksini görürük. Bunun nəticəsində və eyni zamanda, buraxılmış ciddi nöqsanlar, pozuntular, rüşvətxorluq və korrupsiya hallarına görə həm Cəlilabad, həm də Şəmkir rayonlarının keçmiş icra başçıları cinayət məsuliyyətinə cəlb olunmuşlar. İndi hər kəs görür ki, heç kim qanundan yuxarı dayana bilməz və burada hər kəs qanun qarşısında bərabərdir" sözləri ilə bundan sonra da rüşvətxorluqla məşğul olacaq istənilən məmurun sonunun necə olacağını göstərdi. 

Prezdentin yeni icra başçılarını videoformatda qəbulu zamanı dediyi "Elə işləməlisiniz ki, vətəndaşlar sizdən razı olsunlar. Ancaq indi istintaq materiallarının bir çoxunda göstərilir ki, bir neçə rayonun icra başçıları hətta sosial cəhətdən ən həssas təbəqənin nümayəndələrindən də pul, rüşvət almışlar. İşsizliyin səviyyəsini azaltmaq, xüsusilə dünyada gedən böhranlı vəziyyəti, sosial-iqtisadi böhranı, pandemiya dövrünü nəzərə alaraq mənim təşəbbüsümlə ən həssas təbəqə üçün yüz minə yaxın ödənişli ictimai iş yeri açılıbdır və orada məvacib minimum əməkhaqqına bərabərdir. Bunları da çox görüblər o insanlara və onların da ödəniş kartlarını öz kabinetlərində saxlayaraq oradan pul çəkmişdilər. Yəni, bu qədər vicdansızlıq ola bilərmi? Məşhur videokadrlar var. Dəstəyə, sosial müdafiəyə ehtiyacı olan ailələrə Heydər Əliyev Fondu tərəfindən göndərilən humanitar yardımın da dalına keçirlər. Bu videokadrlar var, hər kəs bunu görüb və nifrət edib o adamlara ki, nə qədər yardım göndərilib, bunun filan faizini götürək bazarda sataq. Bu qədər alçaqlıq, vicdansızlıq ola bilər?!" sözlər bir daha göstərdi ki, o, 44 günlük müharibədən sonra postkonflikt dövrünün reallığına uyğun olaraq regionda və Avrasiya məkanında cərəyan edən prosesləri yaxından izlədiyi kimi, ölkə daxilindəki bütün hadisələrə də yaxından bələddir və özü şəxsən bu cür halları nəzarətinə götürüb.

Bəli, dövlət başçısı dediyi kimi, məmur nümunə olmalıdır, yerlərdə insanların dolanışığı, insanların rahatlığı dövlət məmurunun fəaliyyətindən asılıdır. Onlar elə işləməlidirlər ki, daim insanlarla bir yerdə olsunlar. Prezident ötən gün yeni icra başçılarına bir daha bu barədə deyib: "Sizə də deyirəm, siz insanların arasında olmalısınız, onlarla daim təmasda olmalısınız, onların qayğıları ilə yaşamalısınız və çalışmalısınız ki, imkan daxilində onlara kömək edəsiniz".

Ölkə rəhbərinin bu müraciəti yəqin ki, bir çox rüşvətxor məmurların tək yuxusunu qaçırmayacaq, eyni zamanda dərs çıxarmaqları üçün son şans, son xəbərdarlıq da ola bilər. Vəzifə səlahiyyətlərindən sui-istifadə edən məmur unutmamalıdır ki, o dövləti, dövlət başçısını təmsil edir. Çünki onu həmin vəzifəyə ölkə rəhbəri təyin edib. Bunun məsuliyyətini dərk etmək üçün isə kosmosa uçmağa ehtiyac yoxdur. Sadəcə insanları incitməmək, get-gələ salmamaq, onlardan rüşvət tələb etməmək, korrupsiya hallarına yol açamamaq kifayət edir. Hər bir məmur bilməlidir ki, heç kim məsuliyyətdən canını, yaxasını qurtara bilməyəcək.

Təhməz Əsədov
Milli.Az