"İran Türkiyə və Azərbaycan əlaqələrindən rahatsız olur - bu, bir həqiqətdir" - Türkiyəli general

15 Sentyabr 2021 10:48

"Türkiyə, Azərbaycan və Pakistan arasında həyata keçirilən hərbi təlimlərin ən böyük mesajı siyasi cəhətdəndir. Azərbaycanın qələbəsi, torpaqlarını geri alması, Əfqanıstanda göstərdiyi qəhrəmanlıq, bundan əlavə Pakistan və Türkiyə ilə işbirliyinin böyüklüyü bir çox ölkəni narahat edir".

Milli.Az xəbər verir ki, bu sözləri modern.az-a eksklüziv açıqlamasında Türkiyənin Hərbi Hava Qüvvələrinin təqaüddə olan general- leytenantı Ərdoğan Karakuş deyib.

Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin iştirakı ilə keçirilən "Üç qardaş - 2021" beynəlxalq təliminin əhəmiyyətindən danışan general bildirib ki, bizim məqsədimiz tamamilə fərqlidir:

"Məqsədimiz birlikdə hərəkət edərək hərbi və siyasi gücümüzü ortaya qoymaqdır. Hər üç ölkəni təbrik etmək lazımdır ki, bir çox dövlətləri qıcıqlandırsa da, dünyaya qardaşlıq nümunəsi göstərirlər. Pakistanla əlaqələrimizə bəzi ölkələr şübhə edir. Azərbaycan və Türkiyənin necə ki, dili Türk dilidir, Pakistanın da rəsmi dili türkcə olan Urdu dilidir. Yəni Pakistan da rəsmi olaraq türk dilini istifadə edir. Bütün bunların hamısı bizim tarixi bağlarımızın olmasından xəbər verir.

Bundan əlavə, Əfqanıstandakı türklər də bizim üçün önəmlidir. Onlar Əfqanıstanda böyük bir türk toplumudur. Bunlar da təbii ki, İranı narahat edəcək. İran Türkiyə və Azərbaycan əlaqələrindən rahatsız olur. Bu, bir həqiqətdir. İşin içinə Pakistan da daxil olunca İran daha da qəzəblənir. Çünki Pakistanla araları yaxşı deyil. Bütün bunlar bir araya gəldikdə, İran əlindən gələni etsə də, heç nəyə nail olmayacaq.

İranın yarısını türklər təşkil edir, amma buna baxmayaraq, rəsmi dil kimi əsla türkcə istifadə edilməyib. Üstəlik, İran hazırda rus sülhməramlılarının nəzarət etdiyi Azərbaycan ərazisinə ermənilər üçün müxtəlif yüklər göndərir. Buna Rusiya şərait yaradır. Çünki Rusiyanın birbaşa oraya yolu yoxdur. Hava yolu ilə də müxtəlif problemləri var. Çünki Gürcüstanın ərazisini vaxtilə işğal etdiyinə görə, Tbilisi buna icazə vermir. Təbii ki, havadan hər şeyi daşımaq mümkün deyil".

Türkiyə və Ermənistan arasındakı əlaqələr bundan sonra necə davam edəcək?

Türkiyəli general sualı belə cavablandırıb: "Paşinyan gördü ki, Türkiyə ilə işbirliyi etməzsə, Ermənistanın gələcəyi təhlükədə olacaq. Buna görə də Türkiyəyə təkliflər göndərdi, hazırda bunu Türkiyə qiymətləndirir. Ermənistan bununla bir şeylərə nail olmağa çalışır. Amma Türkiyənin də bir neçə tələbi olacaq. İlk olaraq, Zəngəzur dəhlizinin açılması mütləqdir. Ermənistan təbii ki, dəhlizi açacaq. Azərbaycan və Türkiyə əlaqələrinə uyğun hərəkət etməyə başlayacaq. Hazırda 150 min erməni işsiz adı ilə Türkiyədə çalışır. Onların taleyini düşünməlidirlər. Bütün bu olanların içində bizim də görəcəyimiz iş Zəngəzur dəhlizinin açılmasıdır".

Qeyd edək ki, Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin nümayəndələrinin iştirakı ilə Bakıda keçirilən "Üç qardaş - 2021" beynəlxalq təlimi sentyabrın 20-dək davam edəcək.

Milli.Az