Hərbi rəhbərlərin növbəti təlim toplantısı başa çatıb - FOTO

14 Sentyabr 2021 21:26

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən toplantının gedişində hərbi rəhbərlər yeni hərbi geyim dəstləri ilə təmin ediliblər.

Müdafiə Nazirliyindən Milli.Az-a verilən məlumata görə, toplantının planına əsasən əvvəlcə hərbi rəhbərlərə geyim dəstləri təqdim edilib və sıra baxışı keçirilib.

Toplantı zamanı əsas diqqət "Gənclərin çağırışaqədərki hazırlığı" fənninin tədris keyfiyyətinin yüksəldilməsinə, hərbi rəhbərlərin pedaqoji və hərbi biliklərinin, peşəkarlıqlarının və metodiki ustalıqlarının artırılmasına yönəldilib.

Vətən müharibəsi iştirakçılarının da cəlb edildiyi dərslər zamanı bildirilib ki, Azərbaycan Respublikasının müdafiəsi üçün orduya çağırılacaq hər bir gənc hərbi xidmətin hər bir vətəndaşın müqəddəs borcu olduğunu dərindən dərk etməlidir. Şagirdlərin hərbi andın və nizamnamələrin tələblərini, gənc əsgərin hazırlığı həcmində hərbi nəzəri bilikləri və praktiki vərdişləri, mülki müdafiənin əsaslarını, kütləvi qırğın silahlarından müdafiə olunma üsullarını mükəmməl mənimsəməsi hərbi rəhbərlərin peşəkarlığından, metodiki ustalığından və təcrübəsindən asılıdır.

Nəzəri dərslərdən sonra hərbi vətənpərvərlik mövzusunda sənədli tədris filmləri nümayiş etdirilib.

Toplantı zamanı sıra hazırlığı yoxlanılan hərbi rəhbərlərdən kütləvi qırğın silahlarından mühafizə vasitələrinin və müxtəlif təyinatlı silahların istifadə qaydaları, eləcə də yaralılara tibbi yardımın göstərilməsi üzrə normativlər qəbul edilib.

Əlahiddə Ümumqoşun Ordunun, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə keçirilən 3 günlük təlim toplantısı yekun tədbiri ilə başa çatıb. Tədbirdə qeyd olunub ki, məktəblərimizdə 44 günlük Vətən müharibəsində şücaətləri ilə tarix yazan hərbçilərimizin döyüş yolunu öyrənən vətənpərvər gəncliyin yetişməsinin nəticəsidir ki, hərbi təhsilə maraq daha da artıb. Bu tədris ilində Naxçıvan Muxtar Respublikasında IX sinfi bitirən şagirdlərdən 156-sı Heydər Əliyev adına Hərbi Liseyə, XI sinfi bitirən məzunlardan 30-u xüsusi təyinatlı ali məktəblərə qəbul olub. Göründüyü kimi gələcəyin əsgərləri olacaq şagirdlərdə hərb sənətinə maraq yaratmaq və gəncləri hərbi xidmətə hazırlamaq üçün muxtar respublikanın bütün tam orta məktəblərində hərtərəfli şərait yaradılıb.
Sonda hərbi rəhbərləri maraqlandıran suallar cavablandırılıb.

Milli.Az