Cəhənnəmə girməyin amilləri çoxdur ki, onlara işarə edək.
1. Küfr və tuğyan. "Şübhəsiz, Cəhənnəm kafirləri əhatə etmişdir (dünyada Cəhənnəm oduna girməyin səbəbi olan küfr və itaətsizliklə əhatə olunmaq formasında, axirətdə isə nəticə olan od ilə)". ("Tövbə" 49).
"Əlbəttə, Cəhənnəm (o gün bir) pusqudur. (Mələklər "sirat" körpüsünün yanında möminləri düşməndən qorumaq və kafirləri cəhənnəmə çəkmək üçün pusqu qurarlar). Üsyankarlar üçün dönüş yeridir". ("Nəbə" 21-22).
2. Münafiq və ikiüzlü olmaq. "Şübhəsiz, münafiqlər odun ən aşağı təbəqəsindədirlər və onlar üçün əsla bir yardımçı tapmayacaqsan". ("Nisa" 145).
3. Şeytanın (lən) ardınca getmək. "Buyurdu: "Buradan məzəmmət olunmuş və qovulmuş halda çıx! Şübhəsiz onlardan kim sənə tabe olsa, cəhənnəmi sizin hamınızla dolduracağam"". ("Əraf" 18).
4. İlahi həddi aşmaq. "Kim Allaha və Onun peyğəmbərinə itaətsizlik etsə və Onun (müəyyənləşdirdiyi) sərhədlərini aşsa (Onun hökmlərinə qarşı çıxsa), (Allah) onu həmişəlik qalacağı oda daxil edəcək və onun üçün alçaldıcı bir əzab vardır". ("Nisa" 14).
5. Uluhiyyəti iddia etmək. "Onlardan (mələk, insan və cinlərdən) hər kim "mən (özüm) Ondan qeyri və Onun müqabilində bir tanrıyam" desə, onu cəhənnəmlə cəzalandırarıq. (Bəli,) Biz zalımları belə cəzalandırırıq". ("Ənbiya" 29).
6. Zalımlara arxalanmaq. "Və zülm edən kəslərə ürək bağlamayın, meyl etməyin və arxalanmayın ki, sizin Allahdan başqa heç bir yardımçı və başçınız olmadığı halda, od (Allahın qəzəbi) sizə yetişər və Allah tərəfindən sizə kömək də olunmaz". ("Hud" 113).
7. İlahi peyğəmbərləri (ə) məsxərə etmək. "Belə ki, onların cəzası cəhənnəmdir. Çünki onlar küfr etdilər və Mənim tovhid nişanələrimi və peyğəmbərlərimi məsxərəyə qoydular". ("Kəhf" 106).
8. Allah qarşısında təkəbbür etmək. "Və ona "Allahdan qorx!" deyilən zaman, təəssübkeşlik və qürur onu günaha vadar edər (və o, zalımcasına əksül-əməl göstərər). Buna görə də cəhənnəm ona kifayətdir və əlbəttə (o), çox pis bir yerdir". ("Bəqərə" 206).
9. İntihar. "İntihar etməyin, bir-birinizi öldürməyin və özünüzü günah təhlükəsinə atmayın. Həqiqətən Allah sizə qarşı həmişə mehribandır. Onu (başqasının malını yeməyi və birini öldürməyi Allahın hökmünün) hədd(lərin)i aşmaq və (özünə və ya başqalarına) zülm üçün edən kəsi tezliklə (yandırıcı) oda salacaq və odun istiliyini ona daddıracağıq. Bu, Allaha asandır". ("Nisa" 29).
10. Namazı tərk etmək. "(Onlara üz tutaraq soruşarlar:) "Sizi cəhənnəmə daxil edən nədir?". Deyərlər: "Biz namaz qılanlardan deyildik". ("Muddəssir" 42-43).
11. İlahi nemətlərə küfr etmək. "Məgər (küfr başçılarından və rifaha uyanlardan) Allahın nemətlərini (nemətlərin şükrünü) nankorluğa dəyişənlərin və öz qövmlərini (onlara tabe olanları) həlakət diyarına salanların halına baxmadın?! Daxil olacaqları, toxunaraq hərarətini duyacaqları və yanacaqları Cəhənnəmə! Ora pis bir məskəndir". ("İbrahim" 28-29).
Cəhənnəmdən nicat amilləri:
1. Təqva. "Beləliklə, (Mən) sizi şölələnən oddan çəkindirdim. Ora yalnız ən azğın kafir girər və yanar. O kəs ki, (dünyada kafir oldu və peyğəmbərlərin dəvətini) təkzib etdi və (ondan) üz çevirdi. Tezliklə ən təqvalı şəxslər ondan uzaqlaşdırılacaq (nicat tapacaq). (Amma ən təqvalı olmayanlar, bir də ən bədbəxt olmayan şəxslər - yəni fasiqlər də ondan uzaqlaşdırılar, ora yalnız ən bədbəxt şəxslər daxil olar)". ("Ləyl" 14-17).
2. Özünü tərbiyə etmək. "O kəs ki, ən böyük oda girəcək və yanacaqdır. Sonra isə orada nə (həqiqətən,) öləcək və nə də (rahat) yaşayacaqdır. Həqiqətən, nicat tapdı (o kəs) ki, özünü (fəsadlı əqidələrdən, əxlaqi rəzalətlərdən və çirkin əməllərdən) pak etdi, təkamülə yetişdi və zəkat verdi". ("Əla" 12-14).
3. Saleh və layiqli əməllər. "Onlar orada dad-fəryad edərlər: "Ey Rəbbimiz, bizi (buradan) çıxart ki, (indiyədək) etdiklərimizdən fərqli olaraq yaxşı işlər görək". (Onlara deyiləcək:) "Məgər sizə nəsihət qəbul etmək istəyən kimsənin öyüd-nəsihət ala biləcəyi qədər ömür vermədikmi? Və sizə bir qorxudan (peyğəmbər) gəlmədimi?! Belə isə, dadın (Cəhənnəmin əzabını). Əsla zalımların dadına yetən olmaz"". ("Fatir" 37).
Cəhənnəm əhlini arzuları:
1. Allaha və peyğəmbərə (s) itaət etmək. "Üzləri odda (o tərəf-bu tərəfə) çevrildiyi (sarı və qara rəngə düşdüyü) gün (onlar) deyərlər: "Kaş ki, (dünyada) Allaha itaət edəydik və Onun Rəsuluna tabe olaydıq!". ("Əhzab" 66).
2. İman. "Əgər onların odun üzərində saxlanıldıqları zamanı görsən (qəribə bir mənzərə müşahidə edəcəksən)! (Onlar həmin vaxt) "kaş ki, (dünyaya) qaytarılaydıq, bir daha Rəbbimizin ayələrini təkzib etməyəydik və möminlərdən olaydıq!" deyərlər". ("Ənam" 27).
3. Cəhənnəmdən nicat tapmaq. "Onlar deyərlər: "Ey Rəbbimiz! (Dünya həyatından və tövhid çağırışının gerçəkləşməsindən sonra) bizi iki dəfə öldürüb iki dəfə diriltdin (dünyada öldürüb Bərzəxdə diriltdin və Bərzəxdə öldürüb Qiyamətdə diriltdin), beləliklə biz öz günahlarımızı (birinci dirilməyi, həmçinin ikinci ölüm və dirilməyi inkar etməyimizi) etiraf etdik. Belə isə (buradan) çıxmaq üçün bir yol varmı?"". ("Ğafir" 11).
Milli.Az