SSRİ-də edam olunan üçüncü qadın - Tamara İvanyutinanın silsilə qətlləri

14 Sentyabr 2021 17:36

Mövcud olduğu 70 il ərzində SSRİ-də cəmi üç qadın edam hökmünə məhkum edilib. Onlardan birincisi Antonina Makarova sovet-alman müharibəsi zamanı əsir düşdükdən sonra könüllü olaraq almanlarla əməkdaşlığa gedib. Ondan cəllad kimi istifadə olunub. Belə ki, Antonina Makarova SSRİ-dən və onun müttəfiqlərindən əsir düşənlərin edamını icra edib.

Milli.Az musavat.com-a istinadən bildirir ki, ikinci edam hökmünə məhkum edilən qadın Berta Borodkina olub. O, sosialist əmlakını talamaqda ittiham olunaraq güllələnib. Berta Borodkina Gelencik kurort şəhərində ictimai iaşə obyektlərinə rəhbərlik edib. İlkin istintaq və axtarışlar zamanı Borotkinanın evindən və bağından 1 milyon rubl aşkar olunub.

Üçüncü edama məhkum olunan qadın isə Tamara İvanyutina olub ki, o, silsilə qətllərdə ittiham olunub. 1941-ci ildə Kiyevdə anadan olan Tamara İvanyutina orta məktəbi bitirdikdən sonra təhsilini davam etdirməyib və heç bir əmək fəaliyyəti ilə məşğul olmayıb. Tamara İvanyutina bir neçə dəfə etdiyi kiçik xuliqanlığa və oğurluğa görə milis şöbəsində qeydiyyata düşüb. Onun heç vaxt daimi iş yeri olmayıb, tez-tez iş yerini dəyişən Tamara İvanyutina əksər hallarda işə məsuliyyətsiz yanaşmasına, kiçik oğurluqlara görə müdiriyyət tərəfindən işdən qovulub.

1986-cı ilin sentyabr ayında Tamara İvanyutina Kiyev şəhərindəki 16 nömrəli məktəbin yeməkxanasında xadimə işinə düzəlib. Elə bu işdə də onun cinayət əməlləri üzə çıxıb.

1987-ci ilin martın 17-də məktəbin 20-yə yaxın şagirdi və müəllimi qida zəhərlənməsindən xəstəxanaya düşüblər. Hadisə ilə bağlı hüquq mühafizə orqanları araşdırmalara başlayıb. Araşdırma zamanı məlum olub ki, zəhərlənənlər nahar vaxtı məktəbdə qarabaşaq (qreçka) sıyığı yeyiblər. Məktəbin yeməkxanasında işləyənlərin hamısı sorğu-suala tutulub.

Əvvəlcə məktəb yeməkxanasında qidalara nəzarət edən şəxsin kim olduğunu müəyyənləşdirən istintaq qrupuna məlum olub ki,  diyetoloq-tibb bacısı Kuxarenko hələ iki həftə əvvəl qəfil ürək tutmasından vəfat edib. Bu fakt istintaq aparanlarda şübhə doğurub. Prokurorluq Kuxarenkonun meyitinin çıxarılması (eksqumasiya) haqqında qərar verib. Meyitin müayinəsi zamanı məlum olub ki, Kuxarenko ürək tutmasından deyil, zəhərli maddə, kleriçi mayesinin qəbulu səbəbindən vəfat edib. Məktəbdə digər zəhərlənənlərdə də eyni maddə aşkarlanıb və onlardan 13 nəfəri vəfat edib.

Məktəb yeməkxanasında işləyənlərin hamısının evində qəfil axtarışlar başlanıb. Tamara İvanyutinanın mənzilində axtarış aparanda bir kiloluq bankada çəkisi ağır gələn maddə aşkarlanıb. Bu maddə məhz kleriçi mayesi olub.

Tamara İvanyutina dərhal həbs olunub. O, ilk ifadəsində istintaqa cinayət əməlini etiraf edib. Qeyd edib ki, 6-cı sinif şagirdləri nahardan sonra stullarını yerinə qoymadıqlarına görə səhəri gün onlardan bu cür qisas alıb. Amma Tamara İvanyutinanın cinayət əməli heç də stul səliqə-sahmanı ilə bağlı olmayıb.

İstintaq nəticəsində məlum olub ki, Tamara İvanyutina 10 ildən artıq bir müddətdə mütəmadi olaraq kimya institutunda işləyən rəfiqəsindən kleriçi mayesi alıb. O, bu mayedən siçan və siçovulları öldürmək məqsədilə istifadə etdiyini bildirsə də, istintaq fərqli nəticələr çıxarıb.

Tamara İvanyutina ilk dəfə zəhərli maddədən ərinin öldürülməsi üçün istifadə edib. O, ərini zəhərləyib öldürərək onun mənzilinə tam sahib olub. İkinci dəfə ailə həyatı qurduqdan sonra Tamara İvanyutinə qayınanası və qayınatası "mane" olub. Qatil qadın onları zəhərləyərək aradan götürüb.

Milli.Az müsavat.az-a istinadən xəbər verir ki, daha sonra, istintaq zamanı o da məlum olub ki, Tamara İvanyutina "asan ölüm" reseptini bacısına da öyrədib. Bacısı Nina da öz həyat yoldaşını məhz bu vasitə ilə öldürüb. Həmçinin anası Mariya Maslenko da qızının "tətbiq"indən yaralanmağa qərar verib. O, yaxın imkanlı tanışlarını zəhərləyərək onların evlərini qarət edib. Ancaq xoşbəxtlikdən onun zəhərlədiyi insanları həkimlər xilas edə biliblər. Mariya Maslenko məhkəmədə öz günahlarını belə etiraf edib:

"Mən "Volqa" maşınına sahib olmaq istəyirdim. Bu mənim gənclik arzum idi. Buna görə də bu yolu seçdim. Zəhərlədim, qarət etdim və yavaş-yavaş arzumun reallığına yaxınlaşdım..."

İstintaq zamanı Mariya Maslenko müstəntiqlərə pul və qızıl da təklif edib. Amma müstəntiqlər bu təklifi qəbul etməyiblər.

Altı ay davam edən məhkəmə prosesində Tamara İvanyutinanın öldürüb qarət etmək məqsədilə  törətdiyi 20 zəhərləmə faktı təsdiq olunub. Məktəbdə şagirdləri nəyə görə zəhərləmək istədiyi haqqında ondan soruşanda, İvanyutina belə cavab verib: "Bu iş mənim hobbimə çevrilmişdi..." Məhkəmə Tamara İvanyutinanı ən ağır cəzaya, güllələnmə hökmünə məhkum edib. Qatil qadının anası və bacısı isə 15 il azadlıqdan məhrum ediliblər.

Milli.Az