Diqqətdən kənar qalan Vladimirovka - VİDEO

14 Sentyabr 2021 14:25

İcra hakimiyyəti və bələdiyyə sakinlərin problemlərinə münasibət bildirmədi

Milli.Az Real TV-yə istinadən bildirir ki, söhbət Qubanın Vladimirovka kəndində gedir. Rayon mərkəzindən cəmi 5 kilometr uzaqlıqda yerləşməsinə baxmayaraq 3 min nəfərdən artıq sakinin yaşadığı yaşayış məntəqəsi sanki unudulub.

Vladimirovkanın təpədən dırnağa kimi problemə qərq olması dediklərimizin əyani sübutudur. Yerli sakinlərin sözlərinə görə, illərdir diqqətdən kənarda qalan kəndin ən böyük çətinliyi içməli su ilə bağlıdır.

Cəmi 2 km uzunluğundakı kənd yolunun acınacaqlı vəziyyəti isə vladimirovkalıları sözün əsl mənasında təngə gətirib. Ötən əsrin sonlarında çəkilən və heç vaxt təmir olunmayan yol indi sürücülər üçün qorxulu kabusa çevrilib. Nə etsinlər bu yola görə qazandıqlarını yalnız avtomobilin təmirinə xəcləyirlər.

Kəndin saymaqla bitməyən problemi arasında qaz məsələsi də var. Vladimirovkanın özündə qazın təzyiqi azdır, yeni salınan məhəllələrində isə hələ də yanacaq mənbəyi kimi odundan istifadə olunur.

Kənd sakinlərini narahat edən məsələlərlə bağlı ilk olaraq Vladirimovka bələdiyyəsinə müraciət etdik. Bələdiyyə sədri Sona Yaqubova bizi görər-görməz, sözümüzü ağzimızda qoyub ərazidən uzaqlaşdı....
Bundan sonra qərara gəldik ki, sakinlərin narahatlıqlarını icra nümayəndəsi Elçin Abasova ünvanlayaq. İcra nümayəndəsinin otağına daxil olarkən bələdiyyə sədrinin burda olduğunu gördük. Sən demə xanım sədr icra nümayəndəsi ilə məsləhətə gəlib. Amma bilmirəm həyacandanmı ya başqa səbəbdən hər iki vəzifəli şəxsin qapalı məkanda tibbi maskadan istifadə etməməsi ilk olaraq diqqətimizi çəkdi. İstədik Elçin müəllimdən sakinlərin problemləri barədə açıqlama alaq, icra nümayəndəsi bildirdi ki, ona və bələdiyyə sədrinə icra başçısının birinci müavini Tariyel İbrahimov hər hansı məlumat verməyi qadağan edib.

İcra nümayəndəsi Elçin Abasovun dediyi kimi Quba rayon icra hakimiyyətinə müraciət etdik. Lakin daşdan səs çıxdı Quba rayon icra hakimiyyətindən yox. Sadəcə o bildirildi ki, biz heç bir açıqlama vermirik. Quba rayon icra hakimiyyətindən fərqli olaraq Azəriqaz İstehsalat biriliyi kəndin qaz problemi ilə bağlı məsələyə dərhal münasibət bildirdi. Qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev qeyd etdiki, kəndin yeni məhəllələrinə 2023-cü ilə kimi təbii qaz çəkiləcək, mavi yanacağın təzyiq problemi isə qısa zamanda həllini tapacaq.

Belə, əziz sakinlər! İstərdik kənd bələdiyyəsinin öhdəliyində olan yol və içməli su probleminə də aydınlıq gətirək. Lakin təəssüf ki, Tariyel İbrahimovun qanunlara zidd qadağaları buna imkan vermədi. Bununla belə inanırıq ki, həmin problemlər də tezliklə müsbət həllini tapacaq...

Milli.Az