"Əfsuslar olsun ki, qızlar arasında da..."

13 Sentyabr 2021 23:25

Gənclərin, yeniyetmələrin narkotik vasitələrə qurşanmasının səbəbini cəmiyyətdən, məktəbdən əvvəl ailədə axtarmalıyıq. Uşaqların həddindən çox ərköyün böyüdülməsi sonradan onların narkotik vasitə qəbuletmə ehtimalını artırır. Bunu həm tibbi ədəbiyyat, həm də təcrübələr göstərir. Gənclər, yeniyetmələr çox şeydən xəbərsizdirlər, əksər hallarda yaxşını pisdən ayıra bilmirlər. Buna görə də maarifləndirilmənin gücləndirilməsi lazımdır. Tütünçəkmə, alkoqolizm, narkomaniya və onların fəsadlarına dair əsərlər, məlumatlar orta məktəbdə tədris olunmalıdır. Bunu etməsək, hər hansı bir kardinal dəyişikliyə nail olmaq çətindir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu həkim-narkoloq Asif Kəngərli deyib.

Mütəxəssis bildirib ki, "patı" adlandırılan metamfetamin, amfetamin insana olduqca mənfi təsir edir, onun davranışını dəyişir, əsəblərini pozur. Normal insanda beyin açıq çəhrayı rəngdə olur. Narkotik vasitə, o cümlədən "patı" qəbul edənlərin beyini qapqara və sanki qırma ilə deşik-deşik edilmiş formadadır. Təkcə beyinlə iş bitmir, sinir, immun, endokrin sistemləri, qaraciyər, ağciyərlər, böyrəklər zədələnir. Bütün sistemlər prosesə cəlb olunur, orqanizmdə elə bir hüceyrə, toxuma qalmır ki, onun funksiyası pozulmasın. Son vaxtlar belə zərərli maddələrin müştərək qəbulu artıb. Yəni xəstə bir neçə maddəni eyni vaxtda qəbul edir. Bu isə xəstədə böyük patologiyalar, fəsadlar əmələ gətirir, şəxsiyyət pozulmaları müşahidə edilir.

"Əfsuslar olsun ki, qızlar arasında da narkotik vasitələrdən, "patı"dan istifadə edənlərin sayı artıb. Bu da maariflənmə yetərsizliyi ilə bağlıdır. Qızlar, qadınlar "patı"nı hansısa tanışının məsləhəti ilə arıqlamaq məqsədilə qəbul etdiklərini deyirlər. Onlar məlumatlandırılmalıdır ki, bu, qeyri-sağlam üsuldur. Arıqlamaq üçün kifayət qədər sağlam və düzgün üsullar mövcuddur. Müşahidələrimə əsasən, narkotik vasitə aludəçilərinin sayında azalma görmürəm. Anonim narkoloji kabinetdə işləyirəm və bu bəladan xilas olmaq üçün müraciət edənlər arasında 20-30 yaş arasında olanlar üstünlük təşkil edirlər. Müraciət edənlərin çoxu "mən bilmədim", "bunu mənə bir tanışım verdi", "mən belə deyildim", bir qismi maraq xatirinə narkotik vasitələrə qurşandığını, bəziləri isə "əsəblərim yerində deyildi, narkotik vasitə qəbul etdim və bundan sonra özümü yaxşı hiss etməyə başladım" deyir. Mən narkotik vasitəni "şeytan əməli" adlandırıram. Çünki bir müddət iç üzünü insana göstərmir. Bir müddət keçəndən sonra isə əsəb artır, yuxu rejimi pozulur, iştaha demək olar ki, itir. İnsan normal cəmiyyətdə yaşaya bilmir, ağrıyır. Ən böyük nemət sağlamlıq və azadlıqdır ki, narkotik maddə istifadəçiləri bunun ikisindən də məhrum olurlar", - deyə A.Kəngərli qeyd edib.

Həkim-narkoloq bildirib ki, narkotik vasitə qəbul edənlərin tam sağalması demək olar ki, mümkün deyil. Onların sadəcə olaraq yaxşılaşması var. Tam sağalma o zaman olar ki, xəstə özünü tamamilə normal hiss etsin. Onlarda depressiya, yuxu, iştaha pozulmaları, əhval düşkünlüyü zəif şəkildə olsa da ömrüboyu davam edir: "Müşahidələrimə görə, hər 10 nəfərdən 6-da müalicə müsbət nəticə verir. Burada həkim işin müəyyən hissəsini görə bilər. İşin digər bir qismi ailənin üzərinə düşür. Prosesin əksər hissəsi, haradasa 50-60 faizi xəstənin özündən asılıdır. Xəstə öz qarşısına məqsəd qoymayıbsa, nəticə də olmayacaq.

Narkotik və psixotrop maddələrdən iki cür asılılıq formalaşır: fiziki və psixi. Fiziki asılılıq ağrı, yuxu pozulması, iştaha pozulması və depressiya şəklində özünü göstərir. Bunları narkoloq-həkim müalicə edir və xəstə həmin vəziyyətdən tamamilə olmasa da, əsasən çıxmış sayılır. Yəni, yatır, qidalanır, əsəbləri qaydasına düşür, depressiyadan çıxmağa başlayır. Lakin bu, kifayət deyil. Xəstə psixoloq dəstəyi almalı və ya reabilitasiya mərkəzlərinə müraciət etməlidir. Ümumilikdə xəstənin vəziyyətdən çıxması üçün iki-üç il müalicə tələb olunur. Onun bir neçə ayı reabilitasiya mərkəzində aparılmalıdır. Xəstənin vəziyyətdən çıxması üçün 12 addım proqramı qəbul olunur. Həmin addımların təxminən yarısı həmin mərkəzlərdə tətbiq olunur və bu, xəstənin cəmiyyətə qayıdanda sağlam həyat sürə bilməsinə kömək edir.

Müalicə bitəndən sonra sağlam həyat tərzi keçirmək lazımdır. Beş il spirtli, o cümlədən energetik içki qəbulu olmaz. Təbii yeyəcək və içəcəklərə üstünlük verilməsi, siqaret çəkirsə, onu tərgitməsi tövsiyə olunur. İdman və hər hansı məşğuliyyət depressiyadan çıxmağa və bərpa olunmağa kömək edir".

Milli.Az