Dezinfeksiyaedici məhlullardan normadan artıq istifadə dəriyə zərərli təsir göstərə bilər

13 Sentyabr 2021 23:39

Müxtəlif viruslar, mikrob və bakteriyalar əllərlə toxunulan əşyalar vasitəsilə orqanizmə daxil olur. Ona görə də gün ərzində mütəmadi şəkildə spirt və gel kimi dezinfeksiyaedici məhlullardan istifadə edilir. Lakin onların da yan təsirləri var və həmin təsirlərin əsas hədəfi isə dəridir.

Dezinfeksiyaedici məhlulların tərkibində müəyyən miqdarda spirt və kimyəvi maddələr mövcuddur. Həmin məhlullardan normadan artıq istifadə dərinin qoruyucu qat funksiyasının zəifləməsinə, qızarmasına, quruyub soyulmasına gətirib çıxara bilər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, həkim-dermatoloq Elnur Nəzərov deyib: "Xroniki dəri xəstəliyi, məsələn, əllərində ekzema, hər hansı allergik-xronik xəstəliyi, allergik-kontakt dermatiti olanlar, yuyucu vasitələrdən istifadə edən qadınlar əllərində baş verən qaşınma, qabıqlanma və qızartı zamanı dezinfeksiyaedici vasitələrdən istifadə edərkən daha çox fəsadlarla üzləşirlər".

Gündəlik istifadə edilən tibbi maskalar da dəri ilə birbaşa təmasda olduğuna görə bir sıra problemlər yarada bilər. Xüsusilə yazılı və naxışlı, eləcə də kimyəvi üsulla boyanmış maskaların taxılması tövsiyə olunmur.

"Üzündə hər hansı xroniki xəstəlik - seboreya, dermatit və s. olanların tərkibi yalnız pambıqdan ibarət olan maskalardan istifadə etməsi məsləhətdir. Həmin maskalar birdəfəlik olmaya da bilər. Onları yuyandan sonra təkrar istifadə etmək də olar", - deyə həkim-dermatoloq bildirib.

Həkimlər havaların isti keçdiyi mövsümdə dəriyə qulluğun vacib olduğunu söyləyirlər. Bunun üçün dəri tipinə uyğun kremlər seçilməlidir. Dəri xəstəliyi olanlar isə həkimlə məsləhətləşəndən sonra qoruyucu vasitələrdən istifadə edə bilərlər.

Milli.Az