Düşmən bu dəfə "rüsum sənədi" yalanını yaydı - FOTO

13 Sentyabr 2021 10:14

"Gorus-Qafan yolu ilə keçmək üçün İran İslam Respublikasının və ya Ermənistanın istənilən yuk maşını 221 manat məbləğində gömrük rüsumu ödəyir". Ermənilər bu qəbzin fotosunu paylaşır, "Ermənistanın sonu çatır" yazırlar.

Halbuki həmin gömrük postu Astara rayonundadır.

Məhz Astaradakı gömrük məntəqəsi "Cənub Ərazi Baş Gömrük İdarəsi" sayılır.

"Sənəd"də möhür də yoxdur. Bundan başqa, "sənəd"ə inansaq, sən demə, İranın ağırtonnajlı yük avtomobillərinin sürücülərinin hər biri 221 manat Azərbaycan büdcəsinə ödəyiblər.

Üstəlik, sən demə, həmin yolla indiyədək İranın 739501 yük maşını "keçibmiş".

Və ən nəhayət, 51 manatla 171 manatı cəmləyəndə 221 manat yox, 222 manat edir.

"Sənəd" feyk xəbərdir.

Ermənilərin sosial şəbəkələrdəki haray-həşirlərinə gəldikdə isə, rəsmi İrəvan problemlər istəmirsə, Zəngəzur dəhlizinin mümkün qədər tez işə salınmasına çalışmalıdır. Rəsmi Bakı kimsəyə birtərəfli jestlər, güzəştlər etmək niyyətində deyil.

Ermənilər Gorus-Qafan yolu ilə nəzarətsiz, yoxlamasız hərəkət etmək istəyirlərsə Meğri ərazisində nəqliyyat dəhlizinin maksimal müddətdə tez açılmasında maraqlı olmalıdır.

Proses  gecikərsə, Qafan-Gorus istiqaməti ilə yanaşı, Naxçıvanın Sədərək rayonunun Kərki kəndinin yaxınlığından keçən yolda da ermənilər üçün nəzarət-yoxlama ləngimələri ola bilər.

Milli.Az