Piqment ləkələri ilə mübarizə

19 Sentyabr 2021 23:50

Kosmetoloqlar piqment ləkələri ilə bir neçə üsullarla mübarizə aparırlar:

1. Ləkələrin tərkibində ağardıcı komponentlər olan xüsusi kosmetik maskaların köməkliyi ilə ağardılması. Belə maska yalnız mütəxəssis tərəfindən hazırlanaraq tətbiq edilə bilər.

2. Krioaplikasiya. Bu maye azotla olan müalicə üsuludur. Proseduradan sonra ləkə sahəsi xeyli dərəcədə qızarmış olur. 2-3 gündən sonra isə piqment sahəsindəki dərinin üst qatı tündləşir və xaric olur.

3. Fototerapiya. Bu proseduranı melanini parçalayan yüksək intensivli işıq mənbəyi vasitəsi ilə yerinə yetirirlər.

4. Lazer üsulu. Lazerin təsiri ondan ibarətdir ki, tərkibində yüksək miqdarda melanin olan dəri hüceyrələri onlara tərəf istiqamətlənmiş olan lazer şüalarını udaraq məhv olur.

Yadda saxlamaq lazımdır ki, piqment ləkələrin müalicəsi üçün əsas şərtlərdən birincisi, onun ilin soyuq aylarında yerinə yetirilməsidir. Bunun 2-ci şərti isə, müalicənin hətta ən nüfuzlu (prestij) hesab edilən kosmetik salonda deyil, yalnız ixtisaslaşdırılmış kosmetoloji klinikada aparılmasıdır.

5. Ağardıcı kremlər və maskalar. Ağardıcı kremlər dəri səthinə eyni bərabərlikdə, nazik qatla çəkilir. 10-20 dəqiqədən sonra kremi yumşaq salfet ilə silin. Dərinin ağardılması prosesinin nəticəsi tez bir zamanda baş vermədikdə, əhvalınızı pozmayın, bunun üçün müəyyən bir vaxt tələb olunur. Müəyyən fasilələrlə kremdən təkrar-təkrar istifadə edin. Bu kremlərin istifadə olunma ardıcıllığı həftə ərzində 3 dəfədir.

Əgər siz özünüz tərəfinizdən hazırlanan maskalardan istifadə edilməsinin tərafdarısınızsa, onda aşagıdakı reseptlərdən istifadə edə bilərsiniz:

- 2 cay qaşıgı bal 1limon şirəsi ilə qarışdırılır. Alınan maskanı üzə cəkib 10-15 dəqiqə saxlayın.

- Mayanı xamaya bənzər qatılıq alınana qədər yağlı dəri üçün 3%-li hedrogen peroksid məhlulu ilə, normal dəri üçün ilıq su ilə, quru dəri üçün isə süd ilə qarışdırın. Alınan qarışığı piqment ləkələrin üzərinə çəkin. Maska quruduqdan sonra onu qaynadılmış su ilə yuyun.

- Bir qədər yerkökünü sürtgəcin böyük gözündən keçirin, azca sıxaraq şirəsini çıxarın. Alınan şirəni süzüb, üzərində çillər və piqment ləkələri olan dəriyə çəkin və 20-30 dəqiqə saxlayın. Yadda saxlamaq lazımdır ki, kök şirəsindən tez-tez istifadə edilməsi üz dərisinin tündləşməsinə səbəb ola bilər.

- Dəridə olan çillər və piqment ləkələrinə qarşı daha bir vasitə - limon şirəsidir. Limonu sıxıb onun şirəsini üz dərisinə çəkmək və ya sadəcə olaraq, kəsilmiş limon dilimi ilə dərini silmək olar.

- Dərinin ağardılmasında ən cox yayılmış üsullardan biri - xiyardan istifadə edilməsidir. Xiyarın qabığını soyub dərinin çil və piqment ləkələri olan nahiyələrinə qoyub üstünü nəm ilıq dəsmalla örtün və 30 dəqiqə saxlayın. Bu proseduranı tez-tez təkrar etmək lazımdır. Xiyardan bu şəkildə də istifadə etmək olar: təzə sıxılmış xiyar şirəsini pambıq tampon vasitəsilə dərinin çil və ləkələr olan hissələrinə sürtün. Bunu gün ərzində 2-3 dəfə etmək olar.

- Giləmeyvələr (çiyələk, albalı, qarağat ) yaxşı ağardıcı effekt verir. Onların şirəsini sıxın. Yumurtanın ağını köpüklənənə qədər çalın və üzərinə az-az olmaqla giləmeyvə şirəsi əlavə edin. Tez xarab olduğu üçün, maska hazırlandıqdan sonra tez bir zamanda üzə sürtülməlidir.

Piqment ləkələri və çillərlə mübarizə aparmaq çox çətindir. Ona görə də ilk növbədə, maksimal dərəcədə onların əmələ gəlməsinin qarşısını almağa çalışmaq lazımdır. Əgər sizin dəriniz belə ləkələrin əmələ gəlməsinə meyllidirsə, onda bizim aşağıdakı məsləhətləri nəzərə almağınız tövsiyə olunur:

1. Qida rasionunuza tərkibində vitamin C (portağal, limon, mandarin, alma, qarağat, kələm, itburnu və s.) və vitamin PP olan (badımcan, kartof, lobya, ərik, albalı, şaftalı) meyvə və tərəvəzləri daha tez-tez daxil edin. Bu vitaminlər dərinin ultrabənövşəyi şüalara olan həssaslığını azaldır.

2. Həkimlə məsləhətləşdikdən sonra C və B12 vitaminləri qəbul edin.

3. İlin istənilən vaxtında, günəşli havada çölə çıxarkən, keyfiyyətli günəşdən qoruyucu kremdən istifadə edin. Eyni zamanda bu məqsədlə üz dərisinə yüngülcə toz halında olan pudra da vurmaq olar. Bu yolla siz müəyyən müddət ərzində üz dərisində qoruyucu qat yaratmaqla onu günəş şüalarının təsirindən qorumuş olursunuz.

4. Günəşli havada çölə çıxarkən günəşdən qoruyucu baş örtüyü (şlyapa, panama, beysbol papağı və s.) və eynək taxın.

5. Kimyəvi pilinqləri və digər kosmetik proseduraları ancaq payız və qış aylarında yerinə yetirin.

6. Yay və yaz aylarında tərkibində retinol olan kremlərdən istifadə etməyin. Bu kremlər dərinin fotohəssaslığını artırır.

7. Kosmetik salonda aparılan istənilən proseduradan sonra üz dərinizi günəş şüalarından qorumağa çalışın!

Milli.Az