Payızın dəbi və rəngləri: Məşhur modelyerdən xanımlara TÖVSİYƏ

12 Sentyabr 2021 03:33

Artıq yay mövsümü sona çatmaq üzrədir. Qarşıdan gələn payız mövsümü özü ilə bərabər bir sıra yeniliklər gətirəcək. Xanımlar bu mövsümün tələblərinə uyğun olaraq qarderoblarını da dəyişməli olacaqlar.

Dəblə ayaqlaşan xanımlarımızın mövsüm dəyişikliyində ən böyük "dərdi" geyim seçimidir. Onlar bəzən həm zövqlü, həm də dəbə uyğun libas seçimində tərəddüd edirlər. Eyni zamanda payızda hansı rənglərin dəbdə olacağı xanımlarımızı düşündürən əsas məsələlərdəndir.

Heç kimə sirr deyil ki, geyim insanın daxili aləminin xarici təzahürlərindən biridir. Atalar bu məqamda düzgün söyləyib ki, "insanı geyiminə görə qarşılayıb, ağlına görə yola salarlar".

Bəs görəsən, bu ilin payız mövsümünün geyim tərzi necə olacaq? Xanımlar zövqlü görünmək üçün hansı paltarlara üstünlük verməlidir? Yaxud hansı rənglər bu il dəbdə olacaq?

Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, tanınmış modelyer-dizayner Gülnarə Xəlilova Modern.az-a bu il trend olacaq geyimlər barədə məlumat verib.

Onun sözlərinə görə, bu mövsüm daha çox çəhrayı rəngə üstünlük veriləcək:

"Ümumilikdə payız və qış mövsümü dəbinin geyim formaları jiletlər, üzərində naxışı olan dəstlər, çox parlaq geyimlər, ətəkli dəstlər, cins parçadan və denimdən hazırlanmış geyimlər dəbdə olacaq. Bilirik ki, hər zaman denim gündəmdədir. Cins parçadan və denimdən hazırlanmış dəstlər çox aktualdır və hər mövsüm özünü göstərir".

"Artıq neçə ildir ki, trikotajlar dəbdən düşmür. Bu il də rəngarəng, iri toxunuşlu, maraqlı naxışlarla bəzədilmiş trikotajlar dəbdə olacaq. Çəhrayı rəng bu mövsümdə aktuallığı ilə seçiləcək.

Saçaqlardan, əlçək və papaqdan bu il daha çox istifadə olunacaq. Həm süni, həm də təbii xəzlərdən hazırlanmış həcimli xəz paltolar dəbdə olacaq. Bu mövsüm tüllərdən hazırlanmış geyimlərin daha çox istifadə olunacağı nəzərdə tutulur. Mövsümdə aktual olacaq digər rənglər isə qırmızı, qara, mavi, ağ, limon sarısı, qəhvəyinin bir çox tonları, tünd boz, yaşılın çalarları, süd rəngi, bej tonları, parıltılı, neon rənglərdir. Çiçəkli naxışlar, parçalar bu il də dəbdə olacaq", - deyə Gülnarə Xəlilova xanımlarımızı maraqlandıran bir çox suallara aydınlıq gətirib.

Milli.Az